Xəbərlər
Strateji əhəmiyyət daşıyan nailiyyət
Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun ildırımsürətli hücumları, 44 günlük müharibədə düşmənin başına od ələməsi son nəticədə Kəlbəcər, Ağdam və Laçının döyüşsüz təhvil verilməsi barədə öhdəliyin götürülməsinə gətirib çıxartdı. Heç şübhəsiz, döyüşlər bu ərazilər uğrunda da davam etsəydi belə, şanlı ordumuz qalib gələcəkdi, o halda daha çox sayda itkilər verməyimiz də qaçılmaz olacaqdı. Odur ki, bu ərazilərin, xüsusilə də strateji əhəmiyyət kəsb edən Laçın rayonunun və Laçın yolunun nəzarətə götürülməsinin müstəsna tarixi əhəmiyyəti var idi. Düşmənin onurğa sütunu qırıldı, çünki Qarabağın işğalı elə Şuşa və Laçının işğalından sonra sürətli şəkildə həyata keçirilmişdir. Şuşanın azadlığından sonra Ermənistanla separatçıların arasında əsas əlaqəyə çevrilmiş Laçın bağının da kəsilməsi düşmənin şah damarının kəsilməsi qədər önəmli əhəmiyyətə malik əməliyyat idi. Prezident Laçın sakinləri ilə görüşdə bildirib ki, 44 günlük maharibəyə qədər Laçını Azərbaycana qaytarmaq nə ermənilərin, nə də üçüncü tərəflərin ağlına belə gəlmirdi. Məqsəd-məram bu idi ki, illər keçsin, sonda ölkəmiz məğlubiyyətlə barışsın.
“Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq!” Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib. 2011-ci il dekabrın 24-də ad günündə laçınlı köçkünlərlə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki görüşünü xatırladan İlham Əliyev deyib: “Əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu”. Bu mərasimin Laçında mayın 28-də – Müstəqillik Günündə keçirilməsinin əhəmiyyətini vurğulayan dövlət başçısı qeyd edib ki, bunun böyük rəmzi mənası var və bu gün ikiqat bayramdır: “Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir”.
Prezident diqqətə çatdırıb ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub: “İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək”.
Baş Komandanın Laçında, 28 May günündə, 28 May küçəsində məğrur duruşu düşmənə göz dağıdır! Bu, 105 yaşlı Azərbaycan Respublikasının ad gününə möhtəşəm hədiyyədir! Eyni zamanda Prezidentin Laçına səfəri, çoxsaylı təməlqoyma və açılışlar, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması kimi tarixi hadisə dövlət başçısının Müstəqillik Günündə xalqa hədiyyəsidir.