Xəbərlər
Kişilərin idman gimnastikası yarışlarının qaliblərinə medalları Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib
İyunun 18-də birinci Avropa Oyunlarının idman gimnastikası yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşib. Kişilərin yarışında çıxış edən Azərbaycan atleti Oleq Stepko birinci Avropa Oyunlarını gümüş medalla başa vurub. Onun mükafatlandırılması mərasimində Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da iştirak edib.
Milli Gimnastika Arenasında kişi və qadın gimnastlar fərdi çoxnövçülükdə qələbə uğrunda mübarizə aparıblar. Təsnifat mərhələsi iyunun 14-15-də keçirilən yarışın həlledici hissəsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb. Təsnifat mərhələsini üçüncü pillədə bitirən Azərbaycan atleti Oleq Stepko finalda daha yüksək nəticə göstərərək ikinci yerə layiq görülüb. Sərbəst hərəkətlərdən sonra 18 iştirakçı arasında 6-cı olan idmançımız sonra xal hesabını artırmağa müvəffəq olub. Gimnastika atındakı çıxışı ilə iki hərəkətin cəmində 29,900 xalla ikinci yerə yüksələn O.Stepko mövqeyini sonadək qoruyub. Gimnastımız həlqələrdə 14,633, dayaqla tullanmada 14,766, paralel qollarda 15,866, turnikdə 13,900 xal qazanıb. Bununla da yekunda 89,065 xalı olan O.Stepko Avropa Oyunlarının gümüş mükafatını qazanıb.
Komanda hesabında da bürüncə yiyələnən O.Stepko “Bakı-2015”-də iki medal əldə edən ilk Azərbaycan idmançısı olub. Bu medal Azərbaycan yığmasının yarışlarda 26-cı mükafatı olub. Xatırladaq ki, Oleq Stepko ilə yanaşı, fəxri kürsüyə yüksələn ukraynalı Oleq Vernyayev 90,332 xalla 1-ci, rusiyalı Nikita İqnatyev 87,365 xalla 3-cü olub.
Sonra qalib idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva medalları qalib idmançılara təqdim edib.