YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

S.Markov: “Azərbaycanlı həmkarlarımızdan çox şey öyrənmək lazımdır”

Azərbaycanda keçirilən birinci Avropa Oyunları ölkədə turizmin inkişafına təkan verməlidir. Bu sözləri Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Azərbaycanda birinci Avropa Oyunları. Siyasi aspekt” mövzusunda Moskvada keçirilmiş “dəyirmi masa” tədbirində söyləyib.

Ekspert bildirib: “Bakının çox böyük turizm potensialı var və bu potensialdan hələ tam istifadə olunmayıb. Bu, gözəl Xəzər dənizi, bir çox sovet filmlərinin, o cümlədən məşhur “Brilyant əl” filminin çəkildiyi ecazkar İçərişəhərdir. Bakı – açıq səma altında müasir arxitektura muzeyidir. Yaraşıqlı müasir binalar göz oxşayır. Keçmiş Sovet İttifaqı məkanında qorunub saxlanmış böyük şəhərlərdən biri olan İçərişəhərin ultramüasir arxitektura ilə üzvi birləşməsi heyrət doğurur”.

S.Markov Bakıda keçirilən Oyunları şərh edərək bildirir ki, tədbir yüksək səviyyədə təşkil olunub. O deyib: “Möhtəşəm təşkilatçılıqdır, heç bir səhvə yol verilməyib. Azərbaycanlı həmkarlarımızdan çox şey öyrənmək lazımdır. İdman obyektləri, hər şeydən əvvəl başlıca Olimpiya stadionu adamı heyran edir”.

S.Markov qeyd edib ki, kütləvi informasiya vasitələrində Oyunlar əleyhinə aparılan kampaniya sifarişli kampaniyadır. O deyib: “Bütün bunlar sifarişli materiallardır. Onlara baxmaq da, bu materialları oxumaq da adama pis təsir edir. Çünki sifarişli materiallar olduğu göz qabağındadır. Azərbaycanda hər şey çox gözəl və əla təşkil olunub”.

S.Markovun dediyinə görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiya Günündə Bakıya səfər etməsi Azərbaycana olan çox böyük ehtiramı nümayiş etdirir. Politoloq deyib: “Azərbaycanlı həmkarlarımız da buna yüksək dəyər veriblər. Bu, Azərbaycana və Avropa Oyunlarını təşkil etmiş komandanın hünərinə çox böyük hörmətdir”.