Xəbərlər
“Əl-Cəzirə Türk” ilk Avropa Oyunlarından yazıb
“Əl-Cəzirə Türk” televiziya kanalının saytında ilk Avropa Oyunları ilə bağlı məqalə yayılıb.
Məqalədə deyilir ki, Azərbaycanın paytaxtı Bakı tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının ev sahibidir. Bu, Azərbaycanda indiyədək təşkil edilən ən genişmiqyaslı idman tədbiridir. Amma təbii ki, azərbaycanlılar daha çox belə möhtəşəm idman yarışlarına ev sahibliyi etmək niyyətindədirlər.
Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycan son illərdə idmana qoyduğu investisiyalarla diqqəti cəlb edir. Burada 2002-ci ildən bəri 40-dək beynəlxalq idman yarışı keçirilib. Gələn il Formula 1, 2017-ci ildə 57 ölkənin iştirakı ilə İslam Həmrəylik Oyunları və 2020-də futbol üzrə Avropa çempionatının üç qrup, bir dörddəbir final mərhələsinin oyunları Bakıda olacaq.
Müəllif qeyd edir ki, dünyanın ən yaxşı futbol klublarından biri olan “Atletiko Madrid”in formasında da “Azərbaycanı ziyarət edin” yazan Odlar Yurdunun əsl hədəfi idmanın gücündən istifadə edərək həm turizmi inkişaf etdirmək, həm də ölkənin belə tədbirləri keçirəcək qədər güclü olduğunu bütün dünyaya sübut etməkdir.
Məqalədə Azərbaycanın ən böyük turizm agentliklərindən biri olan “Millenium Turizm”in sahibi Ruslan Quliyevin fikirlərinə də yer verilib. O deyib: “Birinci Avropa Oyunları Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Bu, həm ölkənin dünyada tanınmasına, həm də turizm sənayesinin inkişafına təkan verəcək. Avropa Oyunları Azərbaycan turizmini 6-7 il qabağa salıb. Belə ki, infrastruktur dəyişib, əyləncə mərkəzləri, otellər açılıb, yollar salınıb. Gələn turistlərə, idmançılara ölkəmizi tanıtmaq, onlara mədəniyyətimizi göstərmək bizim üçün çox vacibdir. Azərbaycan sadəcə Bakıdan ibarət deyil, digər şəhərlər də çox gözəldir. Mədəniyyət və Turizm Nazırliyinin təlimatı ilə biz hamı üçün ölkəmizin başqa yerlərinə qısa turlar planlaşdırmışıq. Xidmətlərimiz ən yüksək səviyyədədir. Ölkəmizdə turistlərin sayı artdıqca turizm agentliklərinin də sayı artır. Bu il mövsümün axırına qədər Azərbaycana üç milyon turistin gələcəyini təxmin edirik. Bakıdan başqa bizim Qəbələ, Gəncə, Şəki, Lənkəran, Naxçıvan kimi önəmli mədəniyyət mərkəzlərimiz var. İnanıram ki, Azərbaycan idmandakı xidmətləri ilə bütün dünyaya nümunə olacaq. Biz ölkəmizi Avropanın idman paytaxtına çevirmək fikrindəyik”.
Məqalədə “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovun da fikirlərinə yer verilib. O bildirib ki, Oyunlar üçün 60 televiziya kanalı ilə müqavilə imzalanıb və yarışlar 100-dən çox ölkədə canlı yayımlanır.
Oyunlar üçün Bakıya ilk mərhələdə atletlər və ailələrinin, idmansevərlərin və jurnalistlərin gəldiyini diqqətə çatdıran E. Səfərov Azərbaycanın turizm sahəsinin bəhrəsini indi deyil, 2-3 il sonra görəcəyini bildirib.