YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Əfqanıstan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər

Əfqanıstan Türkmənistan vasitəsilə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə qoşula bilər. Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili deyib.

Səfir bildirib ki, Azərbaycan bu layihənin reallaşdırılmasında əhəmiyyətli rol oynayır: “Bu, Əfqanıstandan idxal və ixrac üçün ən qısa və rahat yoldur”.

M.T.Xəlili qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasında əlaqələr sürətlə inkişaf edir və iki ölkə arasında əməkdaşlıq perspektivləri çox şey vəd edir: “Bakıda Əfqanıstan səfirliyinin 2012-ci ildə açılmasına baxmayaraq, xalqlarımızın oxşar cəhətləri sayəsində Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq yüksək sürətlə inkişaf edir”.

Diplomatın sözlərinə görə, Əfqanıstan Azərbaycandan investisiyaların cəlb edilməsində maraqlıdır: “Düşünürəm ki, Əfqanıstan və Azərbaycan arasındakı iqtisadiyyat sahəsində uğurlu əməkdaşlıq inkişaf edəcək. Tərəflər tez-tez qarşılıqlı səfərlər edirlər. Bu ilin fevral ayında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilk dəfə Əfqanıstanda oldu”.

Əfqanıstanda fəaliyyət göstərən xarici şirkətlərin təhlükəsizlik məsələsinə şərh verən səfir qeyd edib ki, hökumət bu şirkətlərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir: “Hazırda Əfqanıstanda çoxlu xarici şirkət işləyir. Hökumət şirkətlərin və şirkət əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün hər şey edir. Müəyyən çətinliklərə baxmayaraq, Əfqanıstan hökuməti bu tapşırığın öhdəsindən yaxşı gəlir”.

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz xəttinin tikinti layihəsinin reallaşdırılmasında irəliləyişlərlə bağlı sualı cavablandıran M.T.Xəlili deyib ki, layihənin 2020-ci ildə həyata keçiriləcəyi gözlənilir: “Bu layihənin reallaşdırılması məsələsində çox şey təhlükəsizlikdən asılıdır. Hazırda layihənin reallaşdırılmasında müsbət irəliləyişlər var”.