Xəbərlər
Azərbaycanın təşəbbüsləri dünyanın enerji xəritəsini dəyişib
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin mayın 21-22 tarixlərində Litvaya səfəri çərçivəsində ölkələrimiz arasında sayca ikinci biznes forumu keçirildi. İlk belə tədbir ötən ilin mayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri zamanı keçirilmişdir. Biznes forum hər iki ölkənin malik olduğu iqtisadi imkanların əlaqələrin inkişafında stimulverici amil olduğunu bir daha nümayiş etdirdi. “Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Avropanın enerji xəritəsinə nəzər salsaq, görərik ki, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Azərbaycan qonşuları və tərəfdaşları ilə yeni bağlantılar yaradıb. Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edir, Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır.
Reallıq budur ki, ölkə iqtisadiyyatı sabitdir. Münbit investisiya şəraiti mövcuddur. Bu, təbii sərvətlərə əsaslanır. Hazırda əsas hədəf şaxələndirmədir. İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli Lider dünya təcrübəsinə istinadən bu çağırışı etdi ki, heç bir ölkə səylər birləşdirilmədən, qarşılıqlı təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə “Əsrin müqavilsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. 2003-cü ildən etibarən, yəni cənab İlham Əliyevin Prezident seçilməsindən sonra bu çağırış öndə dayandı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılığın minimuma endirilməsi üçün mühüm addımlar atılmağa başlandı.
Dövlət başçısı İlham Əliyevin forumdakı çıxışında qeyd olunduğu kimi, iqtisadi göstəricilərimiz müəyyən statistik məlumatlarda əks olunub. Litva şirkətlərini Azərbaycana daha çox cəlb etmək üçün xarici borcumuz çox aşağıdır. Ümumi daxili məhsulun 10 faizindən də azdır. Milli valyutamız sabitdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir. Beləliklə, iqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir. Çünki münbit investisiya mühiti təkcə yaxşı qanunvericiliyin yazılması ilə şərtlənmir. Bu, kifayət deyil. Yaxşı biznes imkanlarının, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması vacibdir. Buna görə, Azərbaycan bazarı genişlənir. Mərkəzi Asiya bazarlarına çıxış təmin edilir. Həmçinin ölkənizin yerləşdiyi regionla güclü bağlantıların qurulması birmənalı olaraq əlavə imkanlar yaradacaq.
Azərbaycanla Litva siyasi, iqtisadi və digər sahələrdə də əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycanla Litva həm də Avropa İttifaqı səviyyəsində əməkdaşlıqlarını davam etdirir. Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində Litva fəal rol oynayır. Bu da Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinin daha da genişlənməsinə imkan yaradır. Bu fikri böyük əminliklə qeyd edə bilərik ki, biznes forum Azərbaycan-Litva iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.