Xəbərlər
Atama məktub...
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında gənc yazar, partiyanın fəal üzvü Aynur Ədilin müəllifi olduğu Azərbaycanın Milli Qəhrəmanı, Tovuz döyüşləri şəhidi polkovnik İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş “Atama məktub” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bu gün gənclərimizin Vətənin qəhrəman övladlarının tanıdılması, əziz xatirələrinin yaşadılması, adlarının daim uca tutulması istiqamətində gördüyü işləri təqdirəlayiq hal kim qiymətləndirib.
“Atama məktub” kitabının müəllifi Aynur Ədil kitab haqqında məlumat verib. Bildirib ki, müəllifi olduğu həm “Mənim qəhrəmanım”, həm də Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunan “Atama məktub” kitabları igidlərimizin Vətənə məhəbbətindən, şanlı Qələbə uğrunda şəhidlik zirvələrinə yüksəlmələrindən bəhs edir.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə kitab haqqında fikirlərini bildirib, müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz Azərbaycan əsgərinin rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində haqq savaşımızın ərazi bütövlüyümüzün təmin edilməsi və tarixi ədalətin bərpa olunması ilə nəticələndiyini vurğulayıblar.
Sonda Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev çıxış edərək gənc yazara təşəbbüsünə görə təşəkkür edib və atası polkovnik İlqar Mirzəyevin şərəfli həyat yolundan, Vətən sevgisindən danışıb.