YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün strateji hədəfləri reallaşdırmaq əzmindəyik

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada xalqımıza müraciəti zamanı çox mühüm məsələlərə toxundu, olduqca önəmli mesajlar verdi. Əziz xatirəsini böyük hörmət və ehtiramla yad etdiyimiz Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında misilsiz və müstəsna xidmətlərindən bəhs edən dövlət başçısı, eyni zamanda, sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında vacib məqamlara diqqət yetirdi, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı.

- Müzəffər Ali Baş Komandan qeyd etdi ki, “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik”. Bəli, cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə qazanan Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü, milli qürur və ləyaqəti bərpa, BMT-nin 30 ilə yaxın müddət ərzində kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Bu, müsbət nümunə olmaqla yanaşı, dünya siyasi tarixində bir ilk idi. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaratdı. Xüsusi vurğulamaq lazımdır ki, bu Qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı;

- Ölkə başçısı vurğuladı ki, bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: “Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir”. Həqiqətən də, bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir;

- Cənab Prezident söylədi ki, “heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir”. Qalib və qüdrətli Azərbaycanın strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Biz bütün hədəflərimizə nail olacağıq. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, nəyi deyiriksə, onu da edirik;

- Prezident İlham Əliyev qeyd etdi ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib. Bəli, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, sabitlik adası kimi səciyyələndirilən ölkədir. Eyni zamanda, ölkəmiz beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət kimi tanınır. Heydər Əliyevin ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın təmin olunması, nümunəvi sosial-iqtisadi inkişaf modelinin yaradılmasıdır. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir. Xalqımız Ümummilli Liderin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür.

Beləliklə, bütün bu və digər məqamlar təsdiqləyir ki, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan milli məqsədləri, strateji hədəfləri reallaşdırmaq əzmində və niyyətindədir. Sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan, Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək - daha güclü Azərbaycan naminə!