Xəbərlər
Ermənistan sülh istəmirsə…

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın əhəmiyyəti bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Bir daha vurğulanır ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın sülh istiqamətindəki prinsipial mövqeyini nümayiş etdirir. Ermənistanla münasibətlərində yeni səhifənin açılmasında maraqlı olan Azərbaycan səylərini davam etdirərək qarşı tərəfdən də bu addımların atılmasını tələb edir. Bölgədə sülhün və təhlükəsizliyin dayanıqlılığının təmin edilməsi üçün sülh müqaviləsinin imzalanması vacibdir. Təklif olunan sülh gündəliyi daha çox Ermənistana gərəkdir. Sosial-iqtisadi böhran içərisində çabalayan Ermənistan kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarında iştirakı ilə iqtisadi vəziyyətini yaxşılaşdıra bilər. Lakin Ermənistan hələ də havadarlarından təklif gözlədiyi üçün sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlıdır. 30 illik işğal dövrünün reallıqları da Ermənistanın havadarlarından asılılğının aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyev konfransda “Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Bəli, işğal dövründə Minsk qrupu Azərbaycanda çox populyar deyildi. İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik” söyləyərək münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş Minsk qrupunun fəaliyyətsizliyinə də diqqəti yönəldir.
Təbii ki, Minsk qrupuna həmsədr olan ölkələr beynəlxalq hüququn norma və priniplərinə, BMT qətnamələrinə əməl etmək üçün işğalçı Ermənistana zamanında təzyiqlər göstərsəydi münaqişə ədalətli həllini tapar, 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı. Bugünümüzün reallıqlarından da göründüyü kimi, Ermənistan və ona havadarlıq edən dövlətlər eyni vəziyyətin yaşanmasına, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səy göstərirlər. Amma 30 illik işğal dövründən fərqli olaraq Azərbaycan sülh müqaviləsinin imzalanmasını təklif etdiyi andan bəyan etdi ki, təklif uzun müddət masa üzərində qalmayacaq. Cənab İlham Əliyev konfransda bir daha 30 illik işğal dövrünün bu reallığını da tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Onlar düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər. Düşünürdülər ki, biz öz ərazi bütövlüyümüzlə bağlı bir kompromisə gedəcəyik: “Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər.”
Artıq iki ildən çoxdur ki, Qarabağ münaqişəsi tarixə qovuşub, yeni reallıqları yaşayırıq. Cənab İlham Əliyev Ümummilli Liderin 100 illik yubileyinə həsr edilən tədbirlərdə Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili əsasında bu məqamı xüsusi qeyd edir ki, Ulu Öndərin ən böyük arzusu Qarabağın azad edilməsi idi və azad etdik. Bu fikirlər Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı Şuşadan müraciətində də öz əksini tapıb: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.”