Xəbərlər
“Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz”
Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda akademik seminar keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Bakı Şəhər üzrə Təhsil İdarəsi rəisinin müavini Hüseyn Əsgərov, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, rayon məktəblərinin direktorları və müəllim-şagird heyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara Ümummilli Liderin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.
Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın birgə həyat və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş edilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 100 illiyi ərəfəsində təşkil edilən akademik seminarın təşkilinin əhəmiyyətini qeyd edib. Milli Məclisin komitə sədri Sadiq Qurbanova və Bakı Şəhər üzrə Təhsil İdarəsi rəisinin müavini Hüseyn Əsgərova YAP rayon təşkilatının dəvətini qəbul edərək akademik seminarın təşkilinə verdiyi razılığa görə minnətdarlığını bildirib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin gənclərimiz, xüsusən də şagirdlərimiz tərəfindən daha dərindən mənimsənilməsində belə seminarların təşkili mühüm əhəmiyyətə malikdir.
Tədbirdə “Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin komitə sədri Sadiq Qurbanov qeyd edib ki, Heydər Əliyev tərəfindən böyük fədakarlıqla qorunaraq hifz edilən milli-mədəni irsimizin gənc nəslə ötürülməsi böyük vəzifə kimi qarşıda durur. YAP Təftiş Komissiyasının üzvü vurğulayıb ki, bu istiqamətdə Ümummilli Liderin zəngin irsi ən yüksək qiymətə layiqdir və gənc nəsil onu xüsusi maraqla öyrənməlidir. Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olan bu irs bundan sonra da 100 illər ərzində öyrənilərək, gələcək nəsillərin yoluna Günəş kimi doğacaq.
Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətindən danışan S.Qurbanov bildirib ki, onun müəyyən etdiyi inkişaf xətti zəngin türk tarixinə əsaslanır və tarixi varislik, dil, adət və ənənələrin qorunması, mədəni irsimizə sadiqlik kimi prinsiplərə söykənir. Bu dəyərlərin qorunmasında və inkişafında ziyalıların xüsusi rolunu dərindən dərk edən Ümummilli Lider onların yaradıcılığının inkişafına lazımi şərait yaratmaqla yanaşı, həmin şəxslərin repressiyalardan qorunmasına da xüsusi diqqət yetirirdi. Məhz bu diqqət və qayğı nəticəsində həmin ziyalılar tərəfindən yaradılmış xalqımızın milli-mədəni irsi lazımi səviyyədə qorunaraq gələcək nəsillərə çatdırılmaqdadır.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin Ümummilli Liderin zəngin fəaliyyəti ilə bağlı çoxsaylı sualları Milli Məclisin komitə sədri tərəfindən ətraflı cavablandırılıb.