YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionların tarazlaşdırılmış inkişafı qarşıda dayanan strateji məqsəddir

“Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu baxımdan, respublikamızın bölgələrinin inkişafı da diqqəti cəlb edir. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan ölkəmizin hərtərəfli inkişafı daha dinamik xarakter alıb. Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində də respublikamızın regionlarının sosial-iqtisadi inkişafı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, eləcə də bölgədə baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı fikirlərini ifadə etdi”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 2004-ci ildən etibarən inkişafın fərqli modelinin tətbiqinə başlanılıb. Sözügedən inkişaf modeli özündə bölgələrin balanslı şəkildə inkişafını ifadə edir. Azərbaycanda regionların inkişafı ölkəmizin sosial-iqtisadi inkişaf xəttinin əsas tərkib hissəsi olmaqla, regionların balanslı, tarazlaşdırılmış şəkildə inkişafının təmin olunması qarşıda dayanan strateji məqsəd kimi müəyyənləşdirilib. Bu xüsusda ötən illər ərzində sözügedən hədəfə nail olunması istiqamətində atılan mühüm addımları qeyd edə  bilərik. Belə ki, respublikamızda Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olundu. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda sayca dördüncü olan Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir.

Prezidentin İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də  Neftçala və Salyan rayonlarına səfərləri zamanı həmin rayonlarda görülən işlərin mənzərəsi bütövlükdə respublikanın bölgələrinin dinamik inkişafının göstəricisidir. Qeyd edək ki, sözügedən səfər zamanı dövlət başçısı və birinci xanım Neftçala rayonunda Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışını edib, Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar. Salyan rayonunda isə Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub, həmçinin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xidmət” mərkəzinin açılışı həyata keçirilib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində regiondakı hazırkı proseslərlə bağlı aydın mövqeyini ifadə edib. İki ölkə arasında münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Ermənistan üçtərəfli Bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də qanunsuz erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Rəsmi İrəvan 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, Qarabağ mövzusunda spekulyasiyalar edir, hansısa beynəlxalq mexanizmlərdən danışır. Cənab Prezidentin dediyi kimi, Qarabağ məsələsi bizim daxili işimizdir və Ermənistan ərazi bütövlüyümüzü tanıyırsa, “Qarabağ Azərbaycandır!” deməlidir. Eyni zamanda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımız Qarabağ separatçılarına xəbərdarlıq edərək bildirib: “Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır”.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan regionda söz sahibidir və dövlətimiz bölgədə yeni reallıqlar formalaşdırıb. Vətən müharibəsindən ötən iki il yarım ərzində Ermənistan və  onun havadarları bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər.Həm Azərbaycan-Ermənistan şərti dövlət sərhədi istiqamətində, həm də Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə təxribatların qarşısının qətiyyətlə alınması buna sübutdur. Cənab Prezident bəyan etdi ki, hazırda ordumuz 2020-ci ildəki vəziyyətdən daha güclüdür. Bu o deməkdir ki, bundan sonra da ermənilərin hərbi təxribatları baş verərsə ordumuz tərəfindən qətiyyətlə qarşısı alınacaq.

“Cənab Prezident müsahibəsində İrəvanda Azərbaycanın bayrağının yandırılmasını da kəskin pisləyib. Dövlət başçısının dediyi kimi, bu hadisə Ermənistan hökumətinin əməlidir və azərbaycanofobiyanın növbəti göstəricisidir. Bu gün Azərbaycanın üçrəngli bayrağı zirvələrdə dalğalanır. O zirvələrdə ki, heç bir erməni ona yaxınlaşmağa cürət edə bilməz. İdman mərasimində bayrağımızın yandırılması erməni xisləti ilə yanaşı onların cılızlığının təzahürüdür”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.