Xəbərlər
Ermənistanın təxribatı ərazi bütövlüyümüzə qəsddir
Əli Hüseynli
Milli Məclisin deputatı
Dünən axşam saatlarında Ermənistan Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış silahlı təxribat həyata keçirmişdir. İnsident bir qrup erməni hərbçinin Azərbaycan mövqelərinə yaxınlaşaraq mühəndis-tikinti işlərini görməsi ilə başlamışdır. Hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini minaatan və iriçaplı silahlardan istifadə etməklə intensiv atəşə tutmuşdur. Ermənistan Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyanın hadisə yerində olması onu göstərir ki, bu təxribata ciddi hazırlıq görülüb. Maraqlı məqamlardan biri də budur ki, düşmən ordusu ilk dəfə bu döyüşdə İranın onlara hədiyyə etdiyi PUA-ları sınaqdan çıxarıb.
Ordumuzun bölmələri tərəfindən dərhal adekvat cavab tədbirləri görülmüş, düşmən tərəf xeyli sayda itki verərək postlarını qoyub qaçmışdır. Təəssüf ki, qanlı təxribat nəticəsində şəhid və yaralılarımız var.
Öncə onu qeyd edək ki, demarkasıya və delimitasiya prosesləri keçirilmədən erməni tərəfinin Azərbaycan ərazisini özününkü hesab edərək burada hər hansı bir hərəkəti beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu baxımdan mövqelərimizə silahlı hücum Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi dəyərləndirilməlidir.
Beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda, ABŞ-nin dövlət katibi E.Blinkenin təşəbbüsü ilə may ayında Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşünün planlaşdırıldığı bir zamanda Ermənistanın siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunan bu kimi hərbi təxribatları eyni zamanda regional sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Nikol Paşinyan hökuməti isə bu reallığı dərk etmək istəmir. Rəsmi İrəvan Avropa İttifaqı missiyasının “qoruyucu çətiri”ndən sui-istifadə edərək, riyakarcasına döyüşlərin guya Ermənistan ərazisində getdiyini bütün dünyaya car çəkərək Azərbaycan tərəfini günahkar kimi təqdim etməklə sülh danışıqlarını ləngitməyə çalışır. Ona görə də təxribata və hər iki tərəfdən olan itkilərə, bütövlükdə isə sülh prosesinin pozulmasına görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.