Xəbərlər
Əməkdaşlıq möhkəm təmələ əsaslanır
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olan ikitərəfli əməkdaşlıqda qazandığı uğurlar biri-birini əvəzləməkdədir. Dövlət başçısı İlham Əliyevin aprelin 5-də Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni prioritetlər üzrə imkişafında əhəmiyyətli rol oynayaraq yeni səhifənin açılmasına stimul olacaq. Səfər çərçivəsində Azərbaycan və Tacikistan Prezidentlərinin təkbətək, həmçinin geniş tərkibdə görüşləri, çoxsaylı sənədlərin imzalanması, dövlət başçılarının səfərin yekununa dair mətbuata birgə bəyanatları dostluq, qardaşlıq münasibətlərinə bir daha işıq saldı.
Görüşlərdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsi anıldı, Onun iki dost ölkənin münasibətlərinin möhkəm bünövrəsinin formalaşdırılmasında əməyi yüksək dəyərləndirildi. “Diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik” söyləyən Tacikistan Prezidenti Emoməli Rəhmon onu da əlavə etdi ki, qardaş Azərbaycanın böyük dövlət xadimi ilə ünsiyyətini həmişə səmimiyyətlə xatırlayır. Ulu öndər Heydər Əliyev ölkə üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri oldu və ölkəni sabitlik, inkişaf yoluna çıxardı.
Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə cənab İlham Əliyevin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf etdi. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək idi. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Prezident İlham Əliyev mətbuata birgə bəyanatda iki dost ölkənin keçdiyi yolun təhlili əsasında belə bir ümumiləşdirməni apardı ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilənlər bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir: “Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.”
Səfər çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. 31 ilə söykənən bu əməkdaşlığın yeni prioritetlər üzrə inkişafı üçün yaxşı perspektivlər var.