Xəbərlər
Qarşılıqlı faydalı əməkdaşlıq
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Son illərdə Qazaxıstan ilə Azərbaycan respublikaları arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Dövlətlərarası strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalanıb. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilmişdir.
Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq var. Fərəhlə deyə bilərik ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb.
2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına digər ölkələri də cəlb etmək lazımdır. Bu işlər Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək.
Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün hər iki ölkənin prioritet vəzifəsidir. Razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə xaricə göndərilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan və Qazağıstan beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayaraq bütün məsələlərdə bir-birini həmişə dəstəkləmişdir. Xalqlarımız arasında qarşılıqlı münasibətlər olduqca yüksək səviyyədədir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında keçirilən belə görüşlər, yaxınlaşmalar hər birimiz üçün faydalıdır.