Xəbərlər
Problemin kökünü müstəmləkəçilik siyasətində axtarmaq lazımdır

Martın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın növbəti aralıq sessiyası “Fransada islamofobiya” mövzusuna həsr olundu. Bu məsələnin beynəlxalq səviyyədə müzakirəsi sözün əsl mənasında həyəcan təbilinin çalınması anlamına gəlir. Bir daha bildirildi ki, islamofobiyanın siyasiləşdirilməsi bəşəri təhlükədir. Belə mühüm əhəmiyyət kəsb edən tədbirin ölkəmizdə keçirilməsi təsadüfi deyil. Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən, bir sözlə, müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən ölkə kimi nüfuz qazanıb. Ümummilli lider Heydər Əliyev bu çağırışı etmişdir ki, Azərbaycan əhalisinin çoxminli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin milli birliyimizin qorunması, möhkəmləndirilməsi istiqamətində atdığı addımların uğurlu nəticəsi dünyaya səs salan tarixi Zəfərimizdə özünü nümayiş etdirdi. Belə ki, ölkəmizdə yaşayan bütün xalqların, millətlərin nümayəndələri İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsi yolunda səfərbər oldular. Qarabağın tacı Şuşamızda “Xarıbülbül” musiqi festivalı ənənəsinin bərpası məhz ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığının “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdimatı ilə başladı. Prezident İlham Əliyev bu mühüm addımı belə əsaslandırdı ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib.
A.Xudadanov qeyd edib ki, islamofobiya ilə mübarizədə Azərbaycan hər zaman ön yerlərdə dayanır. Keçirilən tədbir də ölkəmizin bu məsələdə mövqeyinin təqdimatıdır. Hazırda Avropada ən çox müsəlmanın yaşadığı Fransada mövcud vəziyyət geniş müzakirə olunur. Bu ölkədə İslam dininə qarşı təhqirlər, etirazlar adi hal alıb. İslam dininin təhqir olunması, müsəlmanların müqəddəs kitablarının yandırılması və bu kimi digər antibəşəri hallara yol verilməsi onu deməyə əsas verir ki, Fransa bu ölkədə yaşayan etnik azlıqlara qarşı olduqca qərəzli siyasət yürüdür və ayrı-seçkilik tətbiq edir. Yaşananların fonunda bu reallıq da öz təsdiqini tapır ki, Fransa bu gün də müstəmləkəçilik siyasətini davam etdirir. Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu məsələyə yönəldərək bildirdi ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.
YAP Sabunçu rayon təşkilatının sədri beynəlxalq səviyyədə qeyd edilən belə bir reallığı da diqqətə çatdırıb ki, Fransada islamofobiya probleminin kökünü dövlətin əsas tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarmaq lazımdır. Etiraf etmək lazımdır ki, bu gün dünyada İslama qarşı təzyiqlər digər dinlərlə müqayisədə daha çoxdur. Fransa müsəlman əhalisi ən çox olan Avropa ölkəsidir. Bu ölkənin əhalisinin 9 faizi müsəlmanlardır. Demokratiyadan, insan hüquqlarının qorunmasından ağızdolusu danışan, həqiqətdə isə özünün özəl maraqlarını ədalət və beynəlxalq hüquqdan öndə saxlayan Fransada bu gün bəşəri dəyərlərə hörmətsizlik elə bir səviyyədədir ki, bunu ört-basdır etmək mümkünsüzdür. Prezident Emmanuel Makronun hakimiyyəti dövründə bu ölkədə islamofobiya daha da artıb.
A. Xudadanov belə bir ümumiləşdirməni aparıb ki, “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmağa” adətkar olan Fransa kimi dünya gücləri ölkələrində cərəyan edən hadisələrin mahiyyətini düzgün dərk edib, yaşananlardan nəticə çıxarsaydılar başqalarının daxili işlərinə müdaxilə etməz, özlərinə qarşı inamsızlıq yaratmazdılar. Reallıq budur ki, Avropada müsəlmanlara qarşı belə qərəzli yanaşma qütbləşmə prosesini daha da dərinləşdirir. Ölkəmizdə keçirilən beynəlxalq konfransda da əsas çağırış bu oldu ki, islamofobiyaya qarşı mübarizə konkret fəaliyyət planı əsasında aparılmalıdır.