Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri Astanada dünya və ənənəvi din liderlərinin V qurultayında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 9-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən bildiriblər ki,
səfərin məqsədi iyunun 10-11-də Astanada keçiriləcək dünya və ənənəvi din liderlərinin V qurultayında iştirak etməkdir. Qurultayın budəfəki mövzusu “Dini liderlərin və siyasi xadimlərin sülh və tərəqqi naminə dialoqu”dur. Səfər Astanada təşkil edilən dünya və ənənəvi din liderlərinin qurultaylarının himayədarı – Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dəvəti əsasında həyata keçirilir.
Əvvəlki qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə V qurultayda da məruzə ilə çıxış edəcək. Şeyxülislamın, həmçinin Astanada bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.