Xəbərlər
Diplomatik qələbə
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 fevral 2023-cü il tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda verdiyi açıqlamalar olduqca böyük siyasi əhəmiyyətə malikdir. Cənab Prezident bu platformada bir daha Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq vurğuladı ki, “Dağlıq Qarabağ” sözü artıq qüvvədən düşüb və Azərbaycanda belə bir inzibati vahid yoxdur. Odur ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir.
Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi və bildirdi ki, Qarabağın erməni əhalisi ilə təmasların yalnız bu torpaqda doğulmuş ermənilərlə olacağını bəyan etdi. Kənardan göndərilmiş hansısa erməni ilə heç vaxt ünsiyyət qurulmayacaq.
Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi. Bu fikirlərlə dünya ictimaiyyəti Laçın-Xankəndi yolunda baş verənlərlə ətraflı məlumatlandırıldı və Ermənistanın dövlət rəsmilərinin Qarabağda yaşayan ermənilərin blokadaya alınması kimi cəfəng şayiələri alt-üst edildi. Dövlət başçısı hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin üzərində işlər aparıldığını və hamımızın regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşdüyünü vurğuladı.
Dövlət başçısı Ermənistanın sülh sazişini imzlamaqdan yayındığını, ölkəmizin daxili işlərinə qarışmağa cəhd etdiyini, onun ərazi bütövlüyünə bu gün də hörmət qoymaq istəmədiyini beynəlxalq auditoriyanın diqqətinə çatdırdı, Azərbaycanın dövlət maraqlarına, strateji və milli maraqlarına söykənərək cəsarətli, qətiyyətli, bütün auditoriyaya qəbul etdirə biləcəyi fikirlər səsləndirdi.
ABŞ-ın dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində isə ölkəmizin başçısı Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməz olduğunu, sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacibliyini şərt kimi diqqətə çatdırdı.
Bütövlükdə, bu mühüm platforma çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bir daha bütün dünyaya sülhün, ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu bildirməklə, beynəlxalq siyasət arenasında Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi tarixə həkk oldu.