Xəbərlər
Münhen konfransı nə ilə yadda qaldı?
Anar Məmmədov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışı Azərbaycanın həm İkinci Qarabağ müharibəsindən sonrakı reallıqlarla, həm də qlobal məsələlərlə bağlı qətiyyətli siyasət yürütdüyünü beynəlxalq ictimaiyyətə bir daha təqdim etdi. Ölkə başçısı Azərbaycanın mövqeyini layiqincə müdafiə etdi və təcavüzkar dövlətin rəhbərini tərkisilah etdi.
Plenar iclasda çıxışı zamanı ölkə başçısı rəsmi Bakının sülh gündəliyinə sadiqliyini bir daha bəyan etdi. Vurğulandığı kimi Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Dövlət başçısı xüsusilə qeyd etdi ki, “biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi”.
Dövlətimizin başçısı bir daha Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq vurğuladı ki, “Dağlıq Qarabağ” sözü artıq qüvvədən düşüb və Azərbaycanda belə bir inzibati vahid yoxdur. Odur ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirəyə hazırdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdırlar. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan isə yenidən Azərbaycana qarşı yalan və böhtanlarla dolu iftiralar səsləndirməyə başlayaraq üç il bundan öncəki tarixi təkrarlamış oldu. Uydurduğu yalanlarla yanaşı, baş nazir Laçın yolunda azərbaycanlı ekofəalların Qarabağ iqtisadi zonasında təbii sərvətlərimizin talanına və ekologiyamızın terrora məruz qalmasına qarşı apardıqları haqlı mübarizəsinə həqiqətdən uzaq don geyindirməyə, beynəlxalq ictimaiyyətə yalan məlumatlar çatdırmağa çalışdı. Paşinyan bu dəfə də hər cümləsində bir neçə dəfə yalan və təhriflərə yol verərək Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında acizliyini gizlədə bilmirdi.
Plenar iclasdan sonra Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdəki vəziyyət, yeni reallıqlar, bölgədə gedən proseslər barədə dəyərli fikirlərini bölüşdü, Azərbaycanın mövqeyinin birmənalı və açıq olduğunu diqqətə çatdırdı. Azərbaycan haqqın, ədalətin tərəfdarıdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində bizim mövqeyimiz tamamilə məntiqlidir. Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.
Ölkə başçısının da dediyi kimi, biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun. Dövlətimizin başçısı Laçın-Xankəndi yolundakı dinc aksiyaya da toxunaraq bu mübarizənin haqlı olduğunu, eləcə də qarşı tərəfin məkrli planlarını puç etdiyini söyləməsi real mənzərənin aydın ifadəsi idi. Bütün dünya bilməlidir ki, Azərbaycan öz tarixi ərazilərində təbii sərvətlərinin talanmasına və istismar edilməsinə göz yummayacaq, imkan verməyəcək.
Beləliklə, Prezident İlham Əliyev növbəti dəfə üç ildən sonra yenidən Münhendə öz diplomatik qələbəsi ilə yadda qaldı, Ermənistanın baş nazirinə hüquq, əxlaq və siyasət sahələrindən sözün əsl mənasında dərs keçmiş oldu.