Xəbərlər
Dostluq və sıx əməkdaşlıq əlaqələri xarici siyasətimizin əsas prinsipləridir
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin söykəndiyi ana prinsiplərdən biri də balanslaşdırma siyasətidir. Azərbaycan Respublikasının geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti məhz balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasının xarici siyasət strategiyası müəyyənləşdirilərkən rəhbər tutulan prinsiplərdən biri də Azərbaycan dövlətinin strateji maraqlarının regionda ciddi maraqları olan və regiona real təsiretmə imkanları olan beynəlxalq güc mərkəzlərinin maraqları ilə uzlaşdırmaqdan ibarət idi. Prezident İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycan daxili siyasətimizdə olduğu kimi, xarici siyasətimizdə də bir çox uğurlara imza atıb. Beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edir. Bildiyimiz kimi Davos İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.Ölkə başçısı, möhtərəm Sədr cənab İlham Əliyev müsahibə çərçivəsində xüsusi məqamlara toxunub, Azərbaycanla Çin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.
Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin Xalq Respublikası ilə ikitərəfli siyasi əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 19 illik prezidentliyi dövründə dəfələrlə (rəsmi və qeyri-rəsmi səviyyədə) bu ölkəyə səfər etməsi faktı da təsdiqləyir. Təbii ki, bunlarla yanaşı Azərbaycan öz xarici siyasətini qurarkən tərəfdaş dövlətlərin beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə və mövcud sərhədlərin toxunulmazlığına nə dərəcədə dəstək verdiyinə xüsusi diqqət yetirir və bu sahədə də ölkələrimizin maraqlarının üst-üstə düşdüyünü qeyd edə bilərik. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə əslində tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmiş oldu.
Ümumilikdə faktlar əsasında göstərə bilərik ki, Azərbaycanın xarici siyasət kursu uğurla həyata keçirilir. Bizim xarici siyasətimiz hər zaman sülh, humanizm prinsiplərinə əsaslanır və Prezident İlham Əliyevin əsl siyasətçiyə xas olan qərarları, liderlik keyfiyyətləri, güclü intellekti sayəsində bu gün ölkəmizin mövqeyi beynəlxalq müstəvilərdə layiqincə təmsil olunur.