Xəbərlər
Azərbaycan Çinin dostudur
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və milli maraqlara xidmət edən siyasət Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti həm xarici ölkələrə səfərləri zamanı, həm də ölkəmizə qonaq gələn xarici ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, media mənsubları ilə intensiv görüşlər keçirir və məqsədyönlü müzakirələr aparır. Dünyanın ikinci ən böyük iqtisadiyatına malik Çin dövləti də Azərbaycanla iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir. Bu gün Azərbaycanla Çin arasında dərin köklərə malik yüksək səviyyəli dostluq əlaqələri mövcuddur. Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Cinpin Prezident cənab İlham Əliyevi "Çinin böyük dostu" adlandırmışdı. Bu hər iki dövlət başçılarının, eləcə də hər iki ölkənin dost münasibətində olduğunun göstəricisidir. Hər iki dövlət arasında iqtisadi münasibətlərlə yanaşı, siyasi münasibətlər də yüksək səviyyədədir. Azərbaycan və Çin həmişə bir birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bir sira vacib məqamlara toxunaraq qeyd etdi ki, artıq ölkələrimizin əməkdaşlığı üçün çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq dövlətlərimizin yaxşı tərəfdaş və bir - birinə etibarlı dostlar olduğnu nümayiş etdirir. Azərbaycanla Çinin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı və perespektivli əməkdaşlığı vardır.
Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və “Bir kəmər, bir yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra müsbət nəticələr və maddi faydalar gətirmişdir. Bu baxımdan, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Trans - Xəzər nəqliyyat dəhlizi çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan - Çin əməkdaşlığının inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun şəkildə həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki tərəf olduqca maraqlıdır. Bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və bu, artıq yüksək səviyyədə özünün təzahürünü tapıb. Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız günbəgün genişlənir və Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları fəal iştirak edirlər. Eyni zamanda, Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim “İpək Yolu”nun bərpa edilməsi ilə əlaqədar aparılan işlərdir.
Dünyada enerji böhranı ilə bağlı sualı cavablandıran Möhtərəm prezidentimiz İlham Əliyev cənabları demişdir: “Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib.”
Əminik ki, bundan sonra da Azərbaycan ilə Çin arasında dostluq və səmərəli əməkdaşlıq münasibətləri daha da inkişaf edəcəkdir. Dərin köklərə malik bu tərəfdaşlığın fonunda hər iki dövlət yüksələn xəttlə inkişaf edən bu əməkdaşlıqdan yetərincə bəhrələnəcəkdir.