YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan enerji təhlükəsizliyinin təminatı və ixrac potensialının genişləndirilməsi istiqamətində fəal addımlar atır

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezidentimizin bu cür əhəmiyyətli və mötəbər tədbirə dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, hörmətin və ölkəmizin dünya miqyasında artan nüfuzunun təzahürüdür. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. Enerji məsələlərinin müzakirəsinin yer aldığı beynəlxalq tədbirdə Azərbaycan da öz imkanlarını dünyaya təqdim edir.

Qeyd etmək lazımdır ki, Azərbaycan son dövrlər ərəb ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atır və burada BƏƏ ilə münasibətlər də xüsusi əhəmiyyət kəsb edir. Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayacaq.

İqtisadi inkişafın əsas göstəricilərindən biri enerji təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan bir neçə il əvvəl artıq bu təminatı həyata keçirib. İndi ölkəmiz nəinki öz enerji tələbatlarını ödəyə bilir, hətta xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir.

İki il öncə Cənub Qaz Dəhlizi meqa enerji layihəsi başa çatdırılıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir. Bunun nəticəsində Azərbaycanın təbii qaz ixracı artmaqdadır. Belə ki, 2021-ci ildə bu göstərici 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu artımın davam edəcəyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə ölkənin öz enerji təhlükəsizliyi ilə bağlı deyil.

Ölkə başçısının qeyd etdiyi kimi Azərbaycanın quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.

Xatırlatmaq yerinə düşər ki, 2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycanın bu kimi beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər gələcəkdə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.

Açılış mərasimindəki çıxışı zamanı önəmli məqamlara toxunan ölkə başçısı xüsusilə Azərbaycanda investisiya mühitinin müsbət olmasına diqqət çəkib. Prezident neft və qaz sektoruna böyük sərmayələrin cəlb edildiyini bildirərək, hazırkı hədəfin bərpaolunan enerji olduğunu söyləyib.

Ümumilikdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji təhlükəsizliyinin təminatı və ixrac potensialının genişləndirilməsi istiqamətində fəal addımlar atdığını isbat edir. Bu da ölkəmizin növbəti illərdə müxtəlif istiqamətlərdə inkişafına öz müsbət təsirini mütləq göstərəcək.