Xəbərlər
Prezident İlham Əliyev Davosda Aİ-nin büdcə və administrasiya üzrə komissarı ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han ilə görüşüb.
Görüşdə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin və bu əsasda Orta Dəhlizin əhəmiyyətinin artmasında rolu xüsusi qeyd olundu.
Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş işlər haqqında məlumat verdi.
Ölkəmizin öz ərazisindən yüklərin daşınması üçün ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulandı.
Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edildi. Azərbaycanda Avropanın enerji bazarına əlavə həcmlər çıxarılması istiqamətində işlərin aparıldığı bildirildi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və perspektivləri barədə də fikir mübadiləsi aparıldı.