Xəbərlər
Ən böyük silah vətənə olan məhəbbətdir
Sevinc Qasımova
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini
Qanlı 20 Yanvar qırğınının törədilməsindən 33 il ötür. 1990-cı ilin əvvəlində artıq dağılmaqda olan SSRİ-nin əli günahsız insanların qanına bulaşmış, qəddar rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycanı cəzalandırmağa əl atdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
20 Yanvar faciəsi ölkəmizdə Hüzn Günü kimi qeyd olunsa da, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi, milli qürur günü olaraq tariximizə həkk olunub. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilib. Ümumilikdə Respublikada 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Bu faciəni törədənlərin niyyəti Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq idi. “Qara Yanvar” Azərbaycan tarixində qanla yazılmış bir səhifədir və xalq bu müsibəti qəhrəmanlıqla qarşılayaraq, canından keçərək, yeni tarixinə sahib çıxdı, xəyanətkar imperiyaya birdəfəlik “yox!” dedi.
Kifayət qədər qarışıq, təlatümlü və təhlükəli dövr olması “20 Yanvar” faciəsinin də fərqli təqdim edilməsinə, Bakı qırğınının hüquqi qiymət almamasına gətirib çıxara bilərdi. Hər kəsin Moskvanın zülmündən və qanlı əməllərindən qorxduğu bir vaxtda təhlükələrdən çəkinməyən Ümummilli Lider Heydər Əliyev Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz etdi. Ulu Öndər beləliklə, Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. O deyirdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
1994-cü ilin yanvarında 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Ulu Öndərin imzaladığı Fərman xalq tərəfindən məmnunluqla qarşılandı. 1994-cü il yanvarın 5-də isə Ulu Öndərin imzaladığı növbəti Fərmanla Milli Məclis 20 Yanvar qətliamını müzakirəyə çıxararaq xalqımıza qarşı törədilmiş bu dəhşətli cinayətə siyasi qiymət verdi.
Ümummilli Liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bu il verilən yeni qərarla isə bu təqaüdün məbləği 600 manata qədər artırıldı. Prezident İlham Əliyev şəhid ailələrinə diqqəti ön plana çəkərək qeyd edib: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.
20 Yanvar faciəsinin fonunda tarix boyu başımıza gətirilən müsibətlər xalqımızın azadlıq eşqini, mübarizə əzmini sındıra bilmədi. Azərbaycan xalqı ayağa qalxaraq, məğrurluğunu göstərdi. 44 günlük Vətən müharibəsində biz bütün dünyaya sübut etdik ki, torpaq savaşında ən böyük silah vətənə olan məhəbbətdir. Əgər Vətən sevgisi varsa, o Vətənin hər bir qarışını canın bahasına qorumağa hazır olursan. Bu gün bütün dünya Azərbaycan xalqının qəhrəmanlığı qarşısında heyrətini gizlədə bilmir. Tariximiz, başımıza gətirilən faciələr bizə çox şey öyrətdi və hər tökülən qanımız xalqımızı qələbəyə yaxınlaşdırdı.