Xəbərlər
20 yanvar - Azadlıq mübarizəsinin zirvəsi
Tofiq Cahangirov
YAP İdarə Heyətinin üzvü
20 yanvar 1990-cı il... Bu gün Azərbaycanın müasir tarixinin ən faciəli və ən şərəfli günlərindən biridir. Artıq 33 ildir ki, xalqımız hər il yanvarın 20-ni milli azadlıq və müstəqillik uğrunda mübarizənin qəhrəmanlıq səhifəsi kimi qeyd edir. Bu gün xalqımızın müstəqillik uğrunda mübarizəsinin və yenilməz iradəsinin simvoluna çevrilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusu Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsini qan içində boğmağa, onun iradəsini qırmağa çalışsa da, buna nail ola bilmədi. Xalqımız nəinki azadlıq uğrunda mübarizə əzimini itirmədi, əksinə haqq səsini daha ucadan bəyan etdi. Düz 33 il əvvəl Vətəninin müstəqilliyini, xalqının azadlığını hər şeydən uca tutan Azərbaycan övladları o müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının paytaxt Bakıda və bir sıra bölgələrimizdə törətdiyi qanlı qırğınlardan uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətləri unutmur, sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini ifadə edir.
O zaman SSRİ imperiyasının sütunları laxlamağa başlamışdı. Bundan istifadə edən Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, torpaqlarımızı ələ keçirməyə çalışırdı. Təəssüf ki, keçmiş SSRİ rəhbərliyi erməni təcavüzkarlığına havadarlıq edirdi. Bu vəziyyət Azərbaycan xalqının böyük hiddətinə səbəb olmuşdu. Bakının küçə və meydanlarına axışan xalq erməni həyasızlığı və təcavüzkarlığına, keçmiş SSRİ rəhbərliyinin ədalətsizliyinə qəti etirazını bildirirdi. Dinc aksiyalar keçirən əliyalın xalqa qarşı sovet ordusunun hərbi hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb oldu. Milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhali gülləbaran edildi. Kütləvi terror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi. Bu hadisə o zaman bütün dünyada çox böyük əks-səda verdi. 20 yanvar qətliamı süqut etmək ərəfəsində olan totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün çılpaqlığı ilə dünyaya nümayiş etdirdi. Həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı bəşər tarixinə insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi düşdü. Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə etiraz edən, azadlıq və müstəqilliyə can atan xalqımızın mübarizliyini və əyilməzliyini nümayiş etdirdi.
22 yanvar 1990-cı ildə Böyük Britaniyanın "Qardian" qəzeti SSRİ rəhbərliyinin Bakıda törətdiyi kütləvi terror aktı haqqında yazırdı: "Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanın qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir".
1990-ci il yanvarın 20-da sovet rejiminin Azərbaycanda insanlıq əleyhinə törətdiyi ağır cinayət bütün dünyada pislənilsə də, təəssüf ki, o zaman bu cinayətin açılması, cinayətkarların məsuliyyətə cəlb olunması üçün heç bir tədbir ğörülmədi. Çünki həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı idi. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşdü, başsağlığı verdi və sovet rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı ifşa etdi. Ulu öndər bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçı və günahkarlarının adını dünyaya bəyan etdi: "Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.
Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.
Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir...
...Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır".
Ulu öndərin qeyd etdiyi kimi, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı misli görünməmiş təcavüzü, qətliamı idi. Lakin ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, onu azadlıq və müstəqillik uğrunda mübarizədən döndərə bilmədi. Xalqımız qanı bahasına da olsa, azadlıq və müstəqilliyinə qovuşdu.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi. Ulu Öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Dövlət başçısı 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verib. Onun 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir.
Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 33 il keçməsinə baxmayaraq, xalqımız o qanlı hadisələrin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir.
20 Yanvar Azərbaycan xalqının tarixində yalınız ağrı-acı ilə xatırlanacaq gün deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, qəhrəmanlıq dolu bir tarixdir. Bu, uzun illər sovet rejiminin əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, müstəqilliyi uğrunda böyük cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımız var olduqca bu tarix yaşayacaq, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını fəda edən Vətən övladlarının əziz xatirəsi daim yad ediləcəkdir.