YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdmanın inkişafı mühüm prioritet kimi...

Anar Məmmədov

Milli Məclisin deputatı

Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. Milli Olimpiya Komitəsinin prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycan idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dövlət başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb.

Azərbaycanda çoxsaylı idman növləri üzrə ən müasir standartlara cavab verən infrastruktur qurulub. Ayrı-ayrı regionlarımızda olimpiya-idman kompleksləri tikilib. İdman federasiyalarının fəaliyyəti, idmançılarımızın problemlərinin həlli dövlətimizin daimi diqqətindədir. Prezident İlham Əliyevin hər dəfə beynəlxalq yarışlarda iştirak etmiş idmançıları qəbul etməsi, onlarla səmimi söhbətlər  aparması, hətta təmsil olunduqları federasiyalara maliyyə yardımının edilməsi haqqında sərəncamlar imzalaması da dövlət başçısının idmana və idmançılara olan diqqət və qayğısını nümayiş etdirir. 

Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir. Turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Ölkə başçısı vurğuladı ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş və Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı. Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd edən ölkə başçısı 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın tarixi qələbə qazanaraq komanda hesabında birinci olduğunu, bu dəfə isə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görüldüklərini xatırlatdı.

Ölkə başçısı öz çıxışında bildirdi ki, görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmlidir. Bir halda ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsini təşkil edir.  İdman gənc nəslin sağlam mühitdə yetişməsi baxımından da çox önəmlidir. Gənclərin zərərli vərdişlərdən, mənfi çevrələrdən qorunması, onların asudə vaxtlarının səmərəli təşkili bu gün qlobal dünyamızda aktual problemdir. Azərbaycanda idmanın prioritet hesab edilməsində bu amilin böyük rolu var. İdman həmçinin gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynayır. İdmançılarımızın qələbələri, bunun insanlarımızda yaratdığı mənəvi ruh cəmiyyətdə milli birliyi daha da gücləndirir. Vətəndaşlarımızı milli-dövlətçilik idealları ətrafında səfərbər edir.

Tarixi qələbəmizlə tamamlanan 44 günlük Vətən müharibəsi gedişində Azərbaycan gənclərinin necə böyük ruhla, əzmlə cəbhəyə can atdıqlarına hər birimiz şahidlik etdik. Gənclər könüllü şəkildə cəbhəyə yazılır, döyüşlərə təcili göndərilmək istəyirdilər. Azərbaycan gənci hərbi əməliyyatlar zamanı dağlıq şəraitində günlərlə piyada yol gedir, yanındakı döyüş yoldaşı yaralananda belə onu çiyinlərində daşıyaraq yenə döyüşlərə davam edirdi. Belə bir fiziki hazırlıq idmana olan maraqdan, onun daimi həyat tərzinə çevrilməsindən irəli gəlir.

Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var. Torpaqlarımızı işğaldan dövlət rəhbərimiz İlham Əliyevin yetişdirdiyi Azərbaycan gəncliyi azad etdi. Ötən ilin idman yekunlarına həsr olunan mərasim bir daha təsdiqlədi ki, hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.

DİGƏR Xəbərlər Arxiv