Xəbərlər
Ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir
“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində ölkənin 30 il ərzində işğal altında olan ərazilərinin azad edilməsi faktının xalqa aşıladığı indiyədək görünməmiş ruh yüksəkliyi bütün sahələrdə möhtəşəm uğur və nailiyyətlərin əldə olunmasını şərtləndirib. Müharibədən sonra keçən iki il ərzində Azərbaycan özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirib, ölkəmizin irimiqyaslı transmilli enerji və nəqliyyat layihələrində iştirakının önəmi əhəmiyyətli dərəcədə artıb. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev bu tədbirdə etdiyi çıxışında birmənalı olaraq vurğuladı ki, ötən il ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki 2022-ci ilin əvvəlində qarşıya qoylan bütün vəzifələr il ərzində yüksək effektivliklə icra edildi, Azərbaycanın dinamik inkişafı bütün sahələrdə təmin olundu. Əlbəttə ki, bu inkişaf idman sahəsindən də yan keçməyib. Dövlət başçımızın da qeyd etdiyi kimi, idmançılarımızın əldə etdikləri qələbələr, eləcə də ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləmiş oldu.” Bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Azərbaycanda idmanın inkişafına birbaşa Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini və bu səbəbdən də inkişafın davamlı və ardıcıl xarakter daşıdığını vurğulayan deputat qeyd edib ki, bu gün artıq azad edilmiş ərazilərin də aktiv şəkildə ölkənin idman həyatına cəlb olunması həmin rayon və bölgələrin tezliklə tam dirçəlişi üçün böyük əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycanda yetişən gənc idmançıların ölkəmizin idman şöhrətini bundan sonra da yüksəklərdə saxlayacaqlarına heç bir şübhə yoxdur. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin respublikamızda idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlaması, bu sahəyə davamlı olaraq böyük qayğı göstərməsi bunu deməyə əsas verir. O cümlədən son vaxtlar bölgələrdə bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə keçirilən çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır. Diqqətəlayiq haldır ki, bu gün işğaldan azad edilmiş ərazilər də getdikcə daha yüksək fəallıqla ölkənin idman həyatına cəlb olunmaqdadırlar. Möhtərəm dövlət başçımız öz çıxışında bu məqamın vacibliyini xüsusi vurğuladı. Qeyd olundu ki, 2022-ci ildə azad edilmiş ərazilərdə artıq bir neçə beynəlxalq yarış yüksək səviyyədə keçirilib. O cümlədən Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Həmçinin Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması planlaşdırılıb. Həmin şəhərlərin artıq təsdiq olunmuş Baş planları əsasında aparılacaq bərpa-quruculuq işlərinin önəmli bir hissəsi də məhz yeni idman obyektlərinin yaradılmasını nəzərdə tutur. Göründüyü kimi, ilk növbədə inşa olunacaq məktəblər, xəstəxanalar və yaradılacaq infrastrukturla yanaşı idman obyektləri də yaddan çıxmır.”
Daha sonra A.Naxçıvanlı ölkəmizin beynəlxalq mövqelərinin bütün sahələrdə getdikcə daha da möhkəmləndiyini vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi praqmatik, düşünülmüş daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib. Eyni zamanda bu tendensiya bütün digər sahələrdə də öz təzahürlərini aşkar şəkildə tapır. Bu gün ölkəmizin istər Avropanın enerji təhlükəsizliyi məsələlərində, istər mühüm beynəlxalq nəqliyyat və logistik layihələrdə getdikcə artan rolu bütövlükdə ölkəmizin dünya arenasında mövqeyini ildən-ilə möhkəmləndirir. Bütün bu uğurların əsasında duran ən mühüm amillərdən biri isə, əlbəttə ki, xalqımızın və şanlı ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdir. Dövlət başçımızın dediyi kimi, artıq iki ildən çoxdur ki, xalqımız qalib xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq”, - deyə Aqiyə Naxçıvanlı bildirib.