Gündəm
Azad edilmiş ərazilərdə beynəlxalq idman yarışlarının keçirilməsinin böyük tarixi əhəmiyyəti var
Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır.
Bu fikri Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında səsləndirib.
“Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Azad edilmiş şəhərlərin hər birinin Baş planında idman obyektlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirən Prezident diqqətə çatdırıb ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub.