YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Türk dövlətləri bir-birinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərməlidir

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 123-cü kitabı çapdan çıxıb.

Çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.

Həmin dövrdə Azərbaycan bir sıra Zirvə toplantılarında yüksək səviyyədə təmsil olunub. Prezident İlham Əliyev oktyabr ayında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə toplantısında və MDB dövlət başçılarının iclasında iştirak etmək üçün Qazaxıstanda olub. Noyabr ayında Əlcəzairə səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında fəxri qonaq statusunda iştirak edib. Bu səfərlər haqqında informasiyalar və dövlətimizin başçısının həmin tədbirlərdəki çıxışlarının mətnləri yeni kitaba daxil edilib.

Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə iştirakı isə ölkəmizin türk dünyasında siyasi və iqtisadi mövqeyini bir daha səciyyələndirir. Prezident Rəcəb Tayyib Ərdoğanın “Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq” söyləməsi, eyni zamanda, Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd etməsi bunun təsdiqidir. IX Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib və bir mühüm məsələyə də diqqət çəkib: “Türk dünyası böyük ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Dövlətimizin başçısının IX Zirvə görüşündəki çıxışının mətni, eləcə də Özbəkistanda keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər haqqında informasiyalar yeni kitaba daxil edilib.

Çoxcildliyin 123-cü kitabında Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri haqqında materiallar, Baş nazir İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatının mətni də verilib.

Azərbaycan Prezidenti noyabr ayında, həmçinin Albaniyaya və Serbiyaya səfərlər edib, yüksək səviyyədə görüşlər keçirib, həmin ölkələrin rəhbərləri ilə birgə mətbuata bəyanatlar verib. Bütün bunlar haqqında materiallar yeni nəşrdə yer alıb.

Kitaba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinə, iki qardaş ölkənin liderlərinin Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı” Kompleksinin birinci mərhələsinin açılış mərasimində, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlimi Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq meşəsi” kompleksinin təməlqoyma mərasimlərində iştirak etmələrinə dair materiallar, çıxışlarının və mətbuata bəyanatlarının mətnləri daxil edilib.

Yeni kitabda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdəki çıxışının mətni də verilib.

Nəşrdə dövlətimizin başçısının İkinci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına, Azərbaycan Yazıçılarının XIII qurultayının iştirakçılarına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilmiş “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransın iştirakçılarına məktublarının mətnləri ilə tanış olmaq mümkündür.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 123-cü kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

DİGƏR Xəbərlər Arxiv