Xəbərlər
Tarixi ədalətin təntənəsi
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar milli yaddaşımıza əbədi həkk olunur, xalqımızın qürur və iftixar mənbəyinə çevrilir. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin Ermənistan işğalından azad edilməsi də belə əlamətdar hadisələrdən biridir. Bu tarixi qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmaqla yanaşı, xalqımızın sarsılmaz iradəsinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin parlaq təcəssümüdür.
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, uzun illər ərzində doğma yurdlarından didərgin düşmüş minlərlə soydaşımızın qəlbində ağır nisgilə çevrilmişdi. Lakin Azərbaycan xalqı heç vaxt bu torpaqlara qayıdacağına olan inamını itirmədi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın tarixi Zəfərinə aparan yolun əsasını təşkil etdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini, hərbçilərimizin qəhrəmanlığını və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Oktyabrın 20-də Zəngilan şəhərinin azad olunması müharibənin gedişində mühüm strateji və mənəvi əhəmiyyət daşıdı. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək əzmindədir və qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün bütün imkanlara malikdir.
Zəngilanın azad edilməsi təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. Bu hadisə doğma torpaqlarından didərgin salınmış insanların qayıdış ümidlərini gerçəkləşdirdi, xalqımızın milli qürurunu daha da yüksəltdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə nəticələnən möhtəşəm Zəfərimiz isə Azərbaycanın tarixi torpaqlarında suverenliyinin bərpası yolunda həlledici mərhələ oldu. Bu gün Zəngilanda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir. Müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması, iqtisadi imkanların genişləndirilməsi və insanların doğma yurdlarına qayıdışı Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir. Zəngilanın inkişafı işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi ardıcıl siyasətin mühüm tərkib hissəsidir.
Zəngilanın azad edilməsi xalqımızın birliyinin, milli həmrəyliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Bu tarixi qələbə bizə bir daha sübut etdi ki, güclü dövlət, qətiyyətli rəhbərlik və xalq-ordu birliyi qarşısında heç bir maneə dayana bilməz. Zəngilanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı Azərbaycan tarixində əbədi yaşayacaq, gələcək nəsillərə vətənpərvərlik və fədakarlıq nümunəsi olacaq.
Zəngilanın azadlığı Azərbaycanın Zəfər salnaməsinin şanlı səhifələrindən biridir. Bu səhifə xalqımızın yaddaşında daim yaşayacaq, azad edilmiş torpaqlarımızda yüksələn yeni həyat isə müstəqil Azərbaycanın gücünü, qüdrətini və gələcəyə olan inamını nümayiş etdirəcəkdir.
