Xəbərlər
İlham Əliyev-Tarixi Qələbəmizin Memarı
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Böyük tarixi şəxsiyyətlər və onların siyasi irsinə sadiq olan, müdrik ideyalarını layiqincə davam etdirən, öz prinsip və fəaliyyətlərini ölkəsinin maraqları naminə həsr edən güclü Liderlər daim tarixdə silinməz izlər qoymuşdur! Müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu olan dahi Heydər Əliyev məhz böyük tarixi şəxsiyyət, Ölkə Prezidenti, Partiyamızın Sədri, Zəfər Sərkərdəmiz cənab İlham Əliyev isə bu böyük şəxsiyyətin ideyalarını yaşadan, onu reallığa çevirib, praqmatik və çevik siyasət həyata keçirən bənzərsiz Liderdir! Biz Prezident İlham Əliyevin humanitar, ictimai-siyasi, sosial-iqtisadi və digər mühüm sferalarda apardığı güclü daxili siyasətə, eyni zamanda xalqımızın maraqları naminə hesablanmış, beynəlxalq müstəvidə rəğbətlə dəstəklənən alternativsiz xarici siyasətə diqqət etsək, Onun əvəzedilməz Lider olduğuna şahid olarıq! Beynəlxalq siyasi arenda silinməz izlər qoyan dövlətimizin başçısı- Zəfər Sərkərdəmiz cənab İlham Əliyevin dövlət xadimi səviyyəsinə qədər ucalmağa səbəb olmuş peşə fəaliyyəti məhz xalqımızın bugünkü firavan həyatını və ölkəmizin sabitliyini təmin etmişdir. Partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Təbii ki,bütün əldə olunan müsbət nəticələr Azərbaycan xalqının öz Liderinə olan sonsuz məhəbbətinin bariz nümunəsidir. Bildiyimiz kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə doğma Partiyamızda köklü islahatlara başlanılmışdır. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılmışdır. Cənab İlham Əliyevin sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da möhkəmlənmiş və partiyanın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynamışdır. Qürur hissi ilə qeyd edirik ki, 800 minədək üzvü olan güclü Partiyamızın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Bizim birliyimiz, həmrəyliyimiz daimidir və sarsılmazdır! Bəli, Prezident-Xalq-Ordu birliyi vəhdət təşkil edərək, qızıl hərflərdən ibarət şanlı tarix yazmışdır. Doğrudan da cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsü oldu. Möhtərəm Sədr, güclü Liderimizin ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Onun rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən müdrik YAP siyasətinin bənzərsiz olmasına əyani göstəricilərdən biri məhz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbədir! Azərbaycanın 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində Zəfərlə sona çatdı. Torpaqlarımız düşməndən azad olundu. Bugün Azərbaycan müharibədən yeni çıxmış ölkə olmasına baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdışın tez bir zamanda təmin olunması məsələsi prioritet təşkil edir ki, bütün bunlar da güclü siyasətimizin bariz nümunəsidir. Xalqımız bugün böyük qürur hissi keçirir, iftixarla bəyan edir ki, bizim Zəfər Sərkərdəmiz-Güclü Liderimiz-Cənab İlham Əliyev kimi müdrik Prezidentimiz var və Azərbaycanın xoşbəxt gələcəyi etibarlı əllərdədir!