Xəbərlər
Tarixi qələbəmizin memarı
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Bu gün ölkə başçısı, müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin doğum günüdür.
Ölkəmizə rəhbərlik etdiyi illər ərzində Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir dövlət kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi olaraq, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Müzəffər Ali Baş Komandan prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq Azərbaycan tarixi qələbə qazandı.
Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır.
Ulu Öndərin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi və İlham Əliyevə inamla etimad göstərməsi əbəs deyilmiş. Tarix də sübut etdi ki, Heydər Əliyev həqiqətən dahi, müdrik, xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Lider imiş.
Ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalaraq Azərbaycanı böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin növbəti seçkilərdəki qələbələri bir daha göstərdi ki, xalq seçimində yanılmayıb.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında daim "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm.”- deyib və bu gün hər bir vətəndaşımız bu sözləri ölkəmizin bütün ərazilərində hiss edir.
İşğaldan azad edilmiş torpaqlarımızda bu gün aparılan abadlıq-quruculuq işləri, öz doğma torpaqlarına köçürülən sakinlərimiz, o cümlədən region və dünya dövlətləri bu gün cənab İlham Əliyevin “Bizim sözümüz imzamız qədər keçərlidir.” fikrini əbəs yerə deymədiyini bilir.
Davamlı olaraq uğur və nailiyyətlərə yol açan vacib faktorlardan birinin də siyasi varislik ənənələridir. Bu, əslində hər bir ölkə üçün aktualdır. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq ötən müddətdə qazandığı böyük uğurların təməlində də siyasi varislik prinsipləri var.
2003-cü ildən bu yana Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib. Azərbaycanda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edib.
Bu gün Azərbaycan loqistik mərkəzə çevrilib. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş iri dövlətlərinin ortaq olduğu nəqliyyat dəhlizləri bu gün Azərbaycandan keçir. Çindən Londona uzanan “İpək yolu”nun Azərbaycandan keçməsi ölkəmizin önəmini artırıb. Azərbaycan türk dünyasının, türk dövlətlərinin bir araya gəlməsinin ən vacib faktorudur.
Prezident kimi Azərbaycana rəhbərlik etdiyi bu illərdə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, vətəndaşların sosial problemləri həll edilib, insanların rifah halı daha da yaxşılaşıb.
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər ğn yerlərdə durur. Demokratik inkişaf yolunda həyata keçirilən tədbirlərin nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistemin bərqərar olmasını tərəddüdsüz qeyd etmək olar. Hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, çoxpartiyalı sistemin inkişafı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti olmaqla, dünya arenasında nüfuzlu söz sahibinə çevrilmişdir. Prezident İlham Əliyev, bizim tarixi qələbəmizin memarıdır.
Əlbəttə, gələcəyə baxdıqda, biz tam əminik ki, Azərbaycan daha da güclənəcək. Biz inanırıq ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər zaman inkişaf edəcək və güclü bir dövlət kimi bütün dünyaya səs salacaqdır.
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan!