YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“19 ilə baxış: Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir”

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında “19 ilə baxış: Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları öncə YAP Xətai rayon təşkilatının qərargahında Ulu Öndərin büstünün önünə qızılgül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad etdilər.

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfransı giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu gün ölkəmizin dayanıqlı inkişafını şərtləndirən amillərdən geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin və normal iqtisadi mühitin yaradılması əsas prioritetlər sırasında oldu: “Sabitlik olmasa hansısa sosial-iqtisadi layihənin reallığa çevrilməsinin mümkünsüzlüyünü bildirən Ümummilli Lider, eyni zamanda, bu tezisi irəli sürdü ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində mühüm amilə çevrildi. 2003-cü ildən, cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra belə bir çağırış edildi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır.  Ölkə iqtisadiyyatının enerji amilindən asılılığının minimuma endirilməsi üçün ciddi addımlar atıldı. Regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə təsdiqlənən və uğurla icra edilən Regional inkişaf proqramları iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsinə böyük töhfələr verdi. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı, iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılmasına görə lider ölkə kimi mövqeyini möhkəmləndirdi. Təbii ki, bütün bunlar ölkəmizin dünyaya təqdim etdiyi təkmil inkişaf modelinin nəticələridir”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü  Sadiq Qurbanov Azərbaycanın tarixən neft ölkəsi kimi tanınmasından,  ulu öndər Heydər Əliyevin  hakimiyyətə qayıdışından  sonra xalqımızın öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsindən, bu resurslardan səmərəli istifadə etmək məqsədilə  reallığa çevrilən enerji layihələrindən bəhs etdi: “Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində  1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri reallığa çevrildi. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması  Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu  nümayiş etdirir.  Çoxtərəfli əməkdaşlığın nümunəsi olan Cənub Qaz Dəhlizi tam tərkibdə reallığa çevrildi.  2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə beynəlxalq ictimaiyyətin diqqətində oldu”.

Sadiq Qurbanov Prezident İlham Əliyevin dünyaya təqdim etdiyi müasir dövlət siyasəti modeli nəticəsində Azərbaycanın qazandığı uğurları önə çəkərək hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin Azərbaycanın daxili imkanları hesabına həyata keçirildiyini böyük qürur hissi ilə vurğulayıb. Bildirib ki, Azərbaycan dünyaya təkmil iqtisadi, həmçinin dirçəliş modelini təqdim edir. Çünki bu modelin əsasında yeniliklər dayanır. Yeni təcrübələrin tətbiqi Azərbaycanın innovasiyalar ölkəsi olduğunu ortaya qoymaqla yanaşı, ölkəmizin qazandığı uğurlarla kifayətlənmədiyini, daim irəli baxdığını təsdiqləyir.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev bu məqamı xüsusi qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin uğurlu,  müasir dövlət siyasəti modeli, eyni zamanda, regionların  malik olduğu imkanların təqdimatı oldu: “Bu baxımdan ki, cənab İlham Əliyev “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tezisinə uyğun olaraq qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün Bakının və Bakıətrafı qəsəbələrin, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının prioritetliyini önə çəkdi. Bu sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrasının nəticəsidir ki, hazırda paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülüb. Bütün bölgələr arasında sağlam rəqabət gedir.  Bu gün paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də dünyanın diqqət mərkəzindədir. Rayonlarda insanların rahat yaşayışını təmin etmək üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyevin Bakıda və Bakıətrafı qəsəbələrdə, o cümlədən bölgələrdə görülən işlərlə yaxından tanışlığı, ictimaiyyət nümayəndələri ilə görüşüb onları narahat  edən məsələləri özlərindən eşitmək istəyi xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Bu gün Xətai rayonunun timsalında bu fikri böyük qürur və fəxr hissi ilə qeyd edə bilərəm ki, bütün rayonlarımız sürətli inkişaf dövrünü yaşayır, paytaxt Bakımız dünyanın ən gözəl şəhərləri sırasındadır.  Azərbaycanın şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir”.

Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev hazırda ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək vurğuladı ki, bu gün tarixi Zəfərimizin reallıqlarından fəxrlə və qürur hissi ilə danışırıq: “Hazırda qarşıda dayanan əsas vəzifələrdən biri Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramının uğurlu icrasını başa çatdırmaq, soydaşlarımızın öz doğma yurd-yuvalarına dönüşü ilə bu ərazilərdə həyatı yenidən bərpa etməkdir.   Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurlarını dünyaya təqdim edir. Artıq ilk “ağıllı kənd”- Zəngilanın Ağalı kəndi öz sakinlərinə qovuşub”.

AMEA-nın Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş  direktoru, akademik Vaqif  Abbasov elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarından bəhs etdi: “Dövlət başçısı İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirməliyik!” tezisini irəli sürdü. Bununla bərabər, bu hədəfi də açıqladı ki, ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. XXI yüzillik yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər.  Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər”.

Akademik qeyd edib ki, ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. Dünyanın texnoloji gündəliyinin ölkəmizdə müzakirə edilməsi də Azərbaycanın bu sahədə də təcrübəsinin nümunə olduğunu təsdiqləyir. Ölkəmiz gələn il Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

Əməkdar bədən tərbiyəsi və idman xadimi, Beynəlxalq dərəcəli hakim Hicran Şərifov ölkəmizin iqtisadi uğurlarının fonunda digər sahələr kimi, idmanın da inkişafı istiqamətində atılan addımlardan bəhs etdi. Bildirdi ki, ölkəmizdə idmanın inkişafı üçün bütün zəruri imkanlar yaradılır. Paytaxt Bakıda və bölgələrdə Dövlət proqramları çərçivəsində Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi gənclərimizin bu sahəyə marağının daha da artmasına stimul verir.

Məzahir Rüstəmov 39 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Nəzakət Əsgərova çıxış edərək gənclərə vətənpərvərlik hissinin aşılanmasından, torpaq, Vətən sevgisində geniş bəhs etdi. 

 Xocalı prospekti 30 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Emil Aslanlı ölkəmizin iqtisadi qüdrətinin artması fonunda gənclərin inkişafı üçün yeni imkanların yarandığını, onların hərtərəfli inkişafı məqsədilə biri-birindən əhəmiyyətli layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.

Çıxışlarda ümumi fikir bu oldu ki, Azərbaycan artıq dünya miqyasında öz iqtisadi inkişaf modelini təqdim edib və iqtisadi inkişaf templərinə görə lider dövlətlər sırasındadır.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

DİGƏR Xəbərlər Arxiv