YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın təmin olunması üçün zəruri infrastruktur yaradılır

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra  ölkəmizin güclənməsi naminə aparılan uzaqgörən xarici siyasət və görülən işlər işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və sürətli inkişafını və bu ərazilərə Böyük Qayıdışı təmin edəcəkdir.

Bu prosesdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir və  Dövlət Proqramının əsas istiqamətlərindən biridir.

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.

Qarabağ və Şərqi Zəngəzurda aparılan infrastruktur layihələri içərisində hava yolları müstəsna əhəmiyyət daşıyır. Elə bu məqsədlə ilk olaraq Füzuli Beynəlxalq Hava Limanı, sonra isə Zəngilan Beynəlxalq Hava Limanı tikilərək istifadəyə verildi. İşğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları bölgənin əhəmiyyətini artırmaqla yanaşı, gələcəkdə turizm potensialının artmasına imkan yaradacaq.

Laçında tikilməkdə olan hava limanı müstəsna əhəmiyyəti ilə seçilir. Bu hava limanı Azərbaycanın hərbi mövqeyinin möhkəmlənməsində daha böyük rol oynayacaq. 

Qarabağın dirçəlməsi istiqamətində icra olunan yol infrastrukturu layihələri azad olunan torpaqlarımızda yeni və beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşmasını özündə əks etdirir. İnşa olunan yolların bölgənin inkişafının sürətlənməsi, regionun tranzit əhəmiyyətinin artırılmasında əvəzsiz rolu vardır.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Eyni zamanda, ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər ‒ mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet və poçt rabitəsi təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.

Azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması bölgənin inkişafının əsas strateji istiqamətlərindən olmaqla, Azərbaycanda ümumi iqtisadi inkişafına təkan verəcəkdir.