YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Böyük Qayıdışa dair I Dövlət Proqramı tarixi Sərəncamdır

“Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Son iki il ərzində bu məqsədlə böyük işlər həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva azad olunmuş ərazilərə mütəmadi olaraq səfər edərək görülən işlərə şəxsən nəzarət edirlər. Dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası isə bərpa və quruculuq işlərinə böyük təkan verəcək. Ona görə də, bu sənəd tarixi sərəncam hesab olunmalıdır”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramının əhatə dairəsini isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. Proqramın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.  İnstitusional mexanizmlər isə postmüharibə dövrünün ilk günlərində təsis edilib. Belə ki, Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Əlaqələndirmə Qərargahı ötən dövr ərzində uğurla fəaliyyət göstərib.  

Onu da vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır. 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıb. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Pərvin Kərimzadə qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq görülən işlər əsasən “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyası əsasında həyata keçiriləcək. Artıq bu istiqamətdə ilk təcrübə mövcuddur. Belə ki, Zəngilan rayonunun Ağalı kəndi “ağıllı kənd” konsepsiyası əsasında qurulub. Bu konsepsiya dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunur və uğurlu nəticələr verir. Ona görə də, dövlətimizin də bu müasir yanaşmadan istifadə etməsi tamamilə düzgündür. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun böyük potensialı var. Gözəl təbiət, məhsuldar torpaq və əlverişli iqlim şəraiti bu ərazilərin uğurlu perspektivindən xəbər verir. Azad olunmuş ərazilərdə həm kənd təsərrüfatı, həm sənaye, həm də turizmin inkiaşfı üçün bütün lazımi addımlar atılacaq. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.