YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış proqramı erməni vəhşiliyinin və vandalizmin bütün təsirlərini aradan qaldırır

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

30 ilə yaxın işğal dövründən sonra 2020-ci il sentyabrın 27-də Ermənistanın arası kəsilməyən hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Zəfərdən ötən müddət ərzində görülən işlər onu deməyə əsas verir ki, artıq işğaldan azad edilmiş ərazilərimizin və bura köçürüləcək əhalinin xoşbəxt, firavan günləri başlayır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

Böyük Qayıdışın ilk addımları Zəngilan rayonunun Ağalı kəndində atılmışdı. Artıq rayonda 200 ev tikilərək istifadəyə verilib. Yaxın gələcəkdə isə daha 150 evin inşasına başlanılacaq. Artıq, burada məşğulluq idarəsi, məktəb, bağça, tibb məntəqəsi, "Asan xidmət", "Dost Mərkəzi", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Kəndin “ağıllı kənd” layihəsi əsasında inşa edilməsi gələcəkdə digər rayonlarda həyata keçiriləcək bərpa-quruculuq işləri üçün ilk və əhəmiyyətli nümunə idi.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində ilk önəmli məqam və əsas prioritetlərdən biri ərazilərin minalardan, digər hərbi sursatdan təmizlənməsidir. Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanması, müvafiq xəritələrin tərtibi və elektron məlumat bazasına daxil edilməsi, eləcə də xəritələrin şəhər və rayon mərkəzlərində yerləşdirilməsi qeyd olunan istiqamətdə atılacaq zəruri addımlardır. Bu məqam gələcəkdə ora köçürüləcək əhalinin təhlükəsizliyinin təminatı olacaq nüans hesab edilir.

Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində də ciddi addımlar nəzərdə tutulub. Belə ki, sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır. 30 illik işğal dövründə milli-mədəni irsimizi məhv edən, tarixi abidələrə qarşı vandalizm törədən ermənilərdən fərqli olaraq, Azərbaycan dövləti və xalqı azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpasına və qorunmasına ciddi önəm verir. Bu məqam Dövlət Proqramında da xüsusi qeyd edilib. Proqrama əsasən, bərpa işləri ilə paralel abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Bütün bunlar onu deməyə əsas verir ki, “Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin rəmzinə çevirən Prezident İlham Əliyevin “Böyük Qayıdış” proqramı ölkəmizin dayanıqlı tərəqqisinin təmin edilməsinə xidmət göstərəcək. Bu tərəqqi təkcə Qarabağın deyil, bütövlükdə bütün Azərbaycanın cənnətə çevrilməsi deməkdir. Böyük Qayıdış proqramı erməni vəhşiliyinin və vandalizmin bütün təsirlərini aradan qaldırır.