YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mənəvi dəyərlərimiz xalqımızın formalaşmasında başlıca amildir

“Hər bir xalqın milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Milli-mənəvi dəyərləri şərtləndirən başlıca amil din və adət və ənənələr onun mənəvi aləminin formalaşmasına təsir göstərən əsas prinsiplərdir. Bu amil ölkəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təmin edilməsi vətəndaşlarımızın milli birliyinin ən yüksək formada təmin olunmasına xidmət edir. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə böyük önəm verilib. Ümumilli lider hər zaman gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edib". Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat deyib ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini qoruyub saxlamağı bacarıb: “Hətta xalqımız sovet dönəmində belə öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmayıb. Müstəqillik əldə etdikdən sonra xalqımızın dini, milli bayramları dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Milli-mənəvi dəyərlərimizin qorunması işinə dövlət tərəfindən ciddi qayğı göstərilib. İkinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti və əməlləri sübut edib”.

Millət vəkili hesab edir ki, hər bir xalqın varlığı və milli kimliyinin qorunması onun mənəvi dəyərlərinə münasibəti olduqca önəmlidir: “Mənəvi dəyərlərimiz xalqımızın formalaşmasında başlıca amildir. Çünki Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır. Toplumun mövcudluğunun qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərinə sahib olması lazımdır. Bu mənada ulu öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərində ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoyulub. Məhz bu reallığı ən bariz nümunəsi olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bütöv bir yumruq kimi Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək öz milli kimliyini dünyaya bəyan etdi. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə böyüyən, formalaşan Azərbaycan gəncliyi tarixi torpaqlarımızın azad edilməsində ən vacib missiyanı icra etdi. Çünki müasir dünyanın elmi-texniki tərəqqisi ilə ayaqlaşa bilən, mənəvi köklərinə bağlı gənc nəslin yetişdirilməsinə, hüquqi, dünyəvi, demokratik və unitar dövlət sisteminə zəmin yaradan, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən Azərbaycançılıq ideologiyasi ölkədə vətəndaş birliyini vacib edib. Bu mənada, Azərbaycançılıq millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji təməldir. Milli ideologiyamızın xarakteri 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyənləşib”.

Sevinc Hüseynova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi bu gün də Azərbaycan cəmiyyəti milli maraqlar müstəvisində öz kimliyini sona qədər müdafiə etməkdədir: “Hər bir azərbaycanlı üçün onun milli kimliyi, dövlət, xalq naminə atacağı addımlar əsas prinsiplər kimi qəbul edilib. Postmüharibə dövründə də biz xalqımızın ümummilli məsələlərdə həmrəyliyinin şahidi oluruq. Dekabrın 12-dən etibarən Şuşa-Xankəndi yolunda Azərbaycanın təbii sərvətlərinin talanmasına, ekologiyamıza vurulan zərbələrə son qoymaq məqsədilə ilə ictimai fəalların aksiyası keçirilir. Beynəlxalq sivil dəyərlərə uyğun olaraq keçirilən bu aksiya ölkəmizin milli maraqlarının müdafiəsinə xidmət edir. Çünki orada Azərbaycan dövlətinin milli sərvətlərininin qanunsuz olaraq talanmasına, ekologiyamızın açıq terrora məruz qalmasına etiraz edən cəmiyyətin ayrı-ayrı təbəqələrinin təmsilçiləri, əsasən də aktiv gənclərimiz öz milli vətənpərvərlik mövqeyini ortaya qoyur. Bu fakt bir daha Azərbaycan xalqının heç vaxt ona məxsus dəyərlərə kimlərinsə əl uzatmasına, onu talamağa cəsarət belə edə bilməyəcəyini nümayiş etdirir. Bu gün müasir Azərbaycan gəncliyi özünün inkişafı ilə yanaşı milli kimliyinin də qorunmasına xidmət edən addımlar atır. Məhz bu mənada vətəndaş cəmiyyəti inistutlarının, QHT təmsilçilərinin, gənclərimizin Şuşa-Xankəndi yolundakı aksiyası milliyi birliyimizin növbəti təzahürü hesab edilir”.