Xəbərlər
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı olduğunu sübut etdi
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
2003-cü ildə cənab İlham Əliyevin xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycan dövlətinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu seçimlə 10 il ərzində Ulu Öndər Heydər Əliyevin qurub yaratdğı, həyatın hər bir sferasını nizama saldığı müstəqil Azərbaycanı davamlı inkişaf, tərəqqi və firavan gələcək gözləyirdi. Ulu Öndər Heydər Əliyev 2003-cü ilin oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində qeyd edirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndər Heydər Əliyevin bu müraciəti xalq üçün cənab İlham Əliyevin bir şəxsiyyət və siyasətçi olaraq portretini çəkməklə yanaşı həm də insanlarda gələcəyə inam yaratmışdı. Çünki xalq öz liderinə inanır və etibar edirdi.
Zamanla öz siyasi fəaliyyəti ilə xalqın etimadını doğruldan Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı olduğunu sübut etdi. İlk dəfə Prezident seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacam” deyən ölkə başçısı xalqın milli təhlükəsizliyinin və firavan həyat şəraitinin qarantı oldu. Ölkədə həyata keçirilən davamlı islahatlar, xalqın və dövlətin milli maraqlarına xidmət edən daxili-xarici siyasət, əhalinin günbəgün yaxşılaşan sosial rifah halı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, bir sözlə müstəqil Azərbaycanın inkişafı göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Bir sözlə, Prezident İlham Əliyev Azərbaycanın dayanaqlı inkişafının təminatçısıdır. Ölkə başçısının rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan, minilliyin ən böyük neft ixracı marşrutu olan Bakı–Tbilisi–Ceyhan neft boru kəməri ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirərək dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Eyni zamanda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu artmışdır ki, bu da ölkəmizin yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Bununla da formalaşmış müasir nəqliyyat infrastrukturu ölkənin tranzit əhəmiyyətinin artmasına gətirib çıxarıb. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Son 19 il ərzində ölkə iqtisadiyyatı sürətlə inkişaf etmiş, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb.
Ölkə başçısının həyata keçirdiyi düşünülmüş uğurlu müstəqil iqtisadi siyasət və davamlı orduquruculuğu strategiyası Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəlməsinə gətirib çıxardı. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət göstərilmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxın vaxtda pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsi oldu. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi və titanik mübarizəsi ilə qlobal informasiya məkanında Ordumuzun cəbhədəki uğurlarını möhkəmləndirərək qələbəmizin beynəlxalq legitimliyini təmin etdi.
Böyük Qələbə nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur, eyni zamanda bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
Prezident İlham Əliyevin effektiv diplomatiyası, nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir ki, bu da regional və beynəlxalq əhəmiyyətli dəhlizlərin önəmli hissəsini təşkil edəcək. Bütün bölgə üçün yeni imkanlar açacaq Zəngəzur dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.