YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Prezident İlham Əliyevin təkmil islahatları Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuzunu artırır

“Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən bu çağırışı etdi ki, bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər.  Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin.

Dövlət başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik!” tezisi də son 19 ildə həyata keçirilən uğurlu siyasətin əsas tərkib hissəsidir. İqtisadi artımın qeyri-neft sektorunu hesabına olması hədəfinə söykənərək atılan addımların  nəticələri Azərbaycanın bugünkü uğurlarında özünün aydın ifadəsini tapır. Gələcəyə hesablanmış dövlət siyasətində gənclərə diqqət və qayğı, onların potensialından səmərəli istifadə də bu məqsədə yönələn addımlar sırasındadır. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadənin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət proqramının icrasında da məqsəd Azərbaycanın gələcəyi üçün yüksək ixtisaslı kadrların  yetişməsidir. İqtisadi inkişaf daim kadr hazırlığına tələbata işıq salır.  Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi yeni texnologiyalın tətbiqini tələb edir ki, bu isə öz növbəsində kadr hazırlığını aktuallaşdırır.

Millət vəkili vurğulayıb ki, ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib: “2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına, sosial-iqtisadi inkişafa, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılmasına, elmi tədqiqatların aparılmasına və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. Cənab İlham Əliyevin bu sahəyə diqqətinin nəticəsidir ki, 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilmişdir. Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz sözünü deyir. Ölkəmiz İKT sahəsində təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilmiş, ildən-ilə onun əhatə dairəsi,  iştirakçılarının tərkibi genişlənir. O da məlumdur ki, Azərbaycan gələn il  Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması bir daha bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq.”

Əliabbas Salahzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin siyasətində yeniliklərə, təkmilləşməyə xüsusi diqqətin göstərilməsi Azərbaycanın davamlı inkişafı üçün böyük stimuldur: “Bu gün tarixi Zəfərimizin reallıqlarından danışırıq. Hazırda qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının təmin edilməsidir. Bunun üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələrinin fəaliyyəti ilə bağlı imzaladığı Sərəncam da idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Ölkəmizin yeni təcrübələrə maraq göstərməsi bərpa-quruculuq işlərində də özünü nümayiş etdirir. Belə ki, Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurlarını dünyaya təqdim edir. Artıq ilk “ağıllı kənd”- Zəngilanın Ağalı kəndi sakinlərini qarşılayaraq yeni həyata başlayıb. Atılan hər bir addım dövlətimizin başçısı İlham Əliyevin “Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir” çağırışının real həyatda təsdiqidir".