YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Milli məqsədlərə xidmət edən və gələcəyə hesablanan dövlət siyasəti

“Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə ölkəmiz ötən dövr ərzində möhtəşəm nailiyyətlərə imza atıb. 2003-cü ildə xalqımız cənab İlham Əliyevi dövlətimizin başçısı seçməklə Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi və  ölkəmizdə bu siyasətin alternativinin olmadığını təsdiqlədi”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  Pərvin Kərimzadə deyib.

Pərvin Kərimzadə bildirib ki, Prezident  İlham Əliyevin liderliyi ilə Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf  diyarına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, Liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz Liderinə qətiyyətli inamıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini təmin edən mühüm faktorlardan biri inkişafın milli modelinin – yeni iqtisadi modelin yaradılmasıdır. Son 19 ilin göstəriciləri makroiqtisadi sabitliyə nail olan Azərbaycanın innovativ əsaslı güclü  iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir. Mərkəzində Azərbaycan vətəndaşının rifah və mənafeyinin dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi – vətəndaş məmnunluğunun artırılması, regionların sosial-iqtisadi inkişaf konsepsiyasının uğurla reallaşdırılması və digər mühüm faktorlar ölkənin etibarlı və dayanıqlı yüksəlişinə əlavə təkan olub.

Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib. Dövlətimizin başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edib. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınıb.

Digər bir mühüm məqam isə Prezident İlham Əliyevin beynəlxalq müstəvidə islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozmasıdır. Bununla da, xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. Cənab İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.

Eyni zamanda, dövlətimizin başçısının siyasətində açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən biridir. Ölkə rəhbərinin  tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılıb.

Xüsusilə qeyd etmək lazımdır ki, 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılıb. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu.

“Şübhəsiz ki, Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpa olunması təşkil edir. Bu, Zəfər salnaməsi – Qələbə dastanıdır, həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması,  beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, xalq-Lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbənin qazanılmasında həlledici amil olub. Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpası regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Pərvin Kərimzadə deyib ki, şanlı Zəfər nəticəsində əldə olunmuş yeni reallıq təkcə Qarabağın bərpası və inkişafı ilə məhdudlaşmır: “Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Münaqişənin həlli regionun təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Beləliklə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıdakı dövrdə də yeni-yeni naliyyətlər, zəfərlər qazanacaq”.