YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aksiya iştirakçılarının tələbləri yerinə yetirilməlidir

Anar Məmmədov

Milli Məclisin deputatı

Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı ərazilərimizdə kütləvi ekoloji terror törətməklə yanaşı, yeraltı və yerüstü sərvətləri talayıb, regionun ekoloji tarazlığının pozulmasına ciddi ziyan vurub. Azad olunmuş ərazilərdə bu müddət ərzində qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalmışdır.

Təəssüflər olsun ki, bu gün də Ermənistanın ölkəmizə qarşı ekoloji cinayətləri davam etməkdədir. Təsdiqlənmiş məlumatlara görə hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə, o cümlədən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarında aparılan qeyri-qanuni qazıntı və emal işləri nəticəsində təbii sərvətlərin talan edilməsi davam edir. Ermənilərin ekologiyaya və təbiətə qarşı bu ağır cinayətləri ətraf mühit sahəsində müvafiq konvensiyaların kobud surətdə pozulmasıdır. Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı dəfələrlə müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Hətta aidiyyatı qurumların iştirakı ilə aparılan danışıqlara baxmayaraq, dekabrın 10-da sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədilmiş, sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmamış və nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşmişdir. Məhz bu səbəbdən də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlayıblar. Dinc formada keçirilən aksiya iştirakçıları qanunsuz istismarın qarşısının alınması üçün Azərbaycan mütəxəssislərinin ərazidə monitorinq keçirmələrinə şərait yaradılmasını tələb edirlər. Haqlı olaraq xalqımız təbii sərvətlərimizin talan edilməsinə və ətraf mühitin çirkləndirilməsinə göz yuma bilməz. Ona görə də etirazçılar Ermənistan və onun havadarlarının Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısını almağa çalışırlar. Ermənistan tərəfi isə əsassız iddialar əks etdirən bəyanatlar səsləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini problemin mahiyyətindən yayındırmağa çalışır, hadisələri siyasi və humanitar böhran kimi təqdim edirlər. Lakin səsləndirilən bu fikirlər tamamilə əsassızdır. Aksiyanın ərazidə yaşayan dinc ermənilərə heç bir aidiyyəti yoxdur, ekofəallar dinc erməni əhalisinə məxsus mülki avtomobillərin, təcili yardım maşınlarının həmin yoldan keçidinə şərait yaradırlar. Azərbaycanın ekologiya fəallarının, vətəndaş cəmiyyəti təmsilçilərinin keçirdiyi etiraz aksiyası mülki ermənilərə qarşı deyil, Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır. Belə olan halda isə beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr, hətta ətraf mühitin qorunması üzrə ixtisaslaşmış QHT-lər də bu məsələyə münasibət bildirməlidirlər. Çünki bu, yalnız Azərbaycanın deyil, bölgənin və bütün dünyanın ekoloji təhlükəsizliyinə ciddi zərbədir.