Xəbərlər
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ən xoş arzularla ürəkdən təbrik edirəm.
Dost Azərbaycan Sizin rəhbərliyinizlə tərəqqi və dinamik inkişaf yolunda inamla irəliləyərək, sosial-iqtisadi və digər sahələrdə sanballı uğurlar qazanır, beynəlxalq arenada nüfuzunu artırır.
Tacikistanla Azərbaycan arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət, etimad və anlaşma kimi dəyərlərə əsaslanan əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsi məsələlərinə Sizin daimi diqqətinizi yüksək qiymətləndirirəm.
Fürsətdən istifadə edib ölkələrimiz arasında ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi və dövlətlərarası konstruktiv dialoqu davam etdirməyə daim hazır olduğumuzu təsdiq etmək istərdim.
Əziz dostum, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirəm".