Xəbərlər
Qətiyyətli Lider
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla addımlayır. Artıq iki ildir xalqımız tarixi Zəfərimizin sevincini yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın dövrün işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev son 19 ildə Qələbəni şərtləndirən uğurlara imza atdı. Cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldildi. Dövlət başçısı iqtisadiyyatın inkişafını vacib amil kimi önə çəkərək bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafının prioritetliyi atılan addımlarda öz təsdiqini tapır. Dərin islahatlar nəticəsində Azərbaycan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağı kimi tanınır və nüfuz qazanıb. Ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin uğurlu davamı nəticəsində güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmləndi. Xalq-iqtidar birliyi daha da sarsılmaz oldu. Vətənpərvər, torpağa, xalqa bağlı gənclər yetişdi. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” bütün bu amillərin vəhdətinin nümayişi oldu.
Bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə problemi Qarabağ münaqişəsi idi. Müharibə şəraitində yaşayan ölkənin qüdrətli iqtisadiyyatı ilə yanaşı, güclü ordusunun olması əsasdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu sahəsində mühüm addımlar ataraq Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını şərtləndirdi. Azərbaycanın möhtəşəm Qələbəsi cənab İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti ilə təsdiqlədiyini bir daha nümayiş etdirdi.
Azərbaycan son 19 ildə dünya birliyinin fəal üzvünə çevrildi. Dövlətimizin müstəqil siyasəti, qətiyyətli, ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyi onun söz sahibliyini artırdı. Prezident İlham Əliyev Azərbaycanın hərbi qüdrətini möhkəmləndirməklə yanaşı, diplomatik mübarizədə qələbəsini təmin etdi. Azərbaycana qarşı informasiya blokadasını yardı. Cənab İlham Əliyevin xarici ölkələrə səfərlərinin, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışının mahiyyətində Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırması oldu. Dövlət başçısının təkcə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində xarici mətbuata 30-dan artıq müsahibələrinin hər biri işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq və milli qürur dərsi oldu.
Azərbaycanın Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yarandı. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı. Dövlət başçısı İlham Əliyevin yeni iqtisadi və sosial inkişaf strategiyası nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensial ölkənin ümumi iqtisadiyyatına istiqamətlənəcək, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə səfərləri, Böyük Qayıdış proqramı çərçivəsində bərpa və quruculuq işlərinin geniş miqyas alması hər bir azərbaycanlını qürurlandırır. Cənab İlham Əliyevin adı tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı.
Təbii ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanımızın qarşısında geniş imkanlar açır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan möhtəşəm uğurları ilə yenə də liderliyini qoruyacaq. Güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.