Xəbərlər
Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Son 19 il ölkəmizin həyatında təkmil islahatlar dövrü kimi qeyd edilir. Ölkə iqtisadiyyatını xarakterizə edən əsas amil dayanıqlıqdır. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib.
Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı endi. Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı; Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərman imzalamışdır. Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Birinci Dövlət proqramının uğurlu icrası növbəti sənədlərin qəbuluna geniş imkanlar yaratdı. Hazırda 4-cü Dövlət proqramı icrasını uğurla davam etdirir.
Sürətlə dəyişən reallıqlar islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır. Təkcə son illərin islahatlar kursu ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan ən islahatçı ölkə kimi qərarlaşıb. Dövlətimizin həyata keçirdiyi uğurlu islahatlar beynəlxalq səviyyədə təqdir edilir, inkişafın Azərbaycan modelinin öyrənilməsi və tətbiqi vacib amil kimi önə çəkilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Bu mühüm məqam da önə çəkilir ki, texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaq. Ölkəmizdə yeni texnologiyaların inkişafına, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrıənilməsinə maraq günümüzün reallıqlarında, Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuz qazanmasında özünün aydın ifadəsini tapır. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması da deyilənlərin təsdiqidir. Bu gün bu sıraya “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də daxildir. İşğaldan azad edilmiş torpaqlarımız bu layihələr əsasında yenidən qurulur, bərpa edilir. Ölkəmizin kosmik klubun üzvü olması da deyilənlərin təsdiqidir.
Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri inkişaf edir, yeni prioritetlər müəyyənləşdirilir. Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Tolerantlıq və multikultural dəyərlərin inkişafına töhfələri təqdir edilir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrliyi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, sürətli iqtisadi inkişafının və ədalətə əsaslanan mövqeyinin göstəricisidir. Məhz bu uğurların vəhdəti tarixi Zəfərimizi şərtləndirdi. Dünyaya səs salan Zəfərimiz yeni reallıqlar yaradaraq Azərbaycanın qalib ölkə kimi diktə edən tərəf olduğunu nümayiş etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son iki ildə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyası Azərbaycanın təkmil inkişaf modelinin təqdimatıdır.