YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekoloji terror dayandırılmalıdır

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Ermənistan 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamaqla yaşayış məntəqələrimizi talan edib, viran qoyub. Maddi-mədəniyyət və dini abidələrin dağıdılması, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Bu təcavüzün qurbanları təkcə vətəndaşlarımız deyil, həm də tarixi, dini və mədəni abidələrimizdir. Ermənistan torpaqlarımızı işğalda saxladığı müddətdə xalqımıza məxsus təbii sərvətlərə, ətraf mühitə külli miqdarda ziyan vurub. İşğal altında olan ərazilərimizin təbii sərvətləri Ermənistanın himayədarlığı ilə müxtəlif şirkətlər tərəfindən qanunsuz olaraq istismar edilib, talan olunub. Həmin ərazilərin ekologiyasına, ətraf mühitinə vurulan ziyan, bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. Bu illər ərzində Ermənistan Azərbaycanın bütün növlərdən olan faydalı qazıntılarını xarici şirkətlər vasitəsilə vəhşicəsinə talan edib.
Çox təəsüflər olsun ki, təcavüzkar Ermənistan tərəfindən 30 il ərzində torpaqlarımızın işğal altında saxlanılmasına susqunluq nümayiş etdirən dünya ictimaiyyəti, işğalçının törətdiyi ekoloji terrora da səssiz qalıb. Ədalətdən dən vuran bəzi dövlətlər, eyni zamanda bir sıra beynəlxalq təşkilatlar hər zaman ikili standartlar nümayiş etdirib, Ermənistana havadarlıq edib, işğalçını və onun beynəlxalq hüquqa sığmayan hərəkətlərini dəstəkləyiblər. Bu bir daha dünyada ədalətsizliyin hökm sürdüyünü göstərir.

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandı, tarixi ədaləti bərpa etdi. Həmçinin, Azərbaycan işğalçı Ermənistanın qanunsuz hərəkətləri səbəbindən bütün regionun ekoloji fəlakət zonasına çevrilməsinin də qarşısını aldı.

Bu ilin dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsi məqsədilə göndərilmiş nümayəndə heyətinin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Hər kəsə məlumdur ki, Qarabağda məskunlaşan bir qrup separatçı Rusiyadan gəlmiş təxribatçı qüvvələrlə birləşib Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaqla məşğuldur. Rusiya sülhməramlıları bu ərazilərdə baş verən hadisələrə nəzarət etmək, cinayətkar əməllərin qarşısını almaq əvəzinə cinayətkarlara şərait yaradır. Bu isə yolverilməzdir. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla haqsızlığa yox deyir, haqq-ədalət tələb edir. Sübhə yoxdur ki, xalqımız bu dəfə də haqlı istəyinə nail olacaq və ədalət bərpa olunmayana qədər geri çəkilməyəcək.