Xəbərlər
Cənab Prezidentimiz tarixdə Müzəffər sərkərdə kimi qalacaq
Səbinə Xasayeva
Milli Məclisin deputatı
Azərbaycanın dövlət müstəqilliyinin bərpası Azərbaycan dövlətçiliyində yeni bir mərhələ oldu. 71 il çəkən ilhaqa son qoyuldu.
Azərbaycanda hakimiyyət boşluğu, separatçılıq dövlətçiliyə böyük təhlükə yaratmışdı. Xalq həmin vaxtlarda Naxçıvan Milli Məclisinin sədri olan böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Azərbaycanın dövlət müstəqilliyi labüd təhlükədən xilas oldu.
İlham Əliyev yeniyetməliyini də, ilkin gəncliyini də, Bakıda 6 saylı orta məktəbdə oxuduğu, Moskva Beynəlxalq Əlaqələr İnstitutunda təhsil aldığı illəri də “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” qürurunun işığında yaşayıb.
Moskva Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasını bitirən, 1985-ci ildə namizədlik disseratsiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alan, orada dərs deyən İlham Əliyev bir həyat amalı ilə yaşayıb: ata yolunun layiqli davamçısı olmaq. Bu amal xalqa sevgi idi. Xalqa sevgi ilə yaşanılan illər xalq üçün yaşanılan illərdi.
Dünya siyasətçilərinin böyük siyasi nüfuz sahibi adlandırdıqları cənab İlham Əliyev hazırda siyasi elmlər doktorudur, neçə-neçə universitetin fəxri doktorudur.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olan İlham Əliyev Ulu Öndərin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Bu iştirak təkcə vəzifə borclarının məsuliyyətlə, sədaqətlə yerinə yetirilməsi ilə məhdudlaşmayıb, bu iştirak böyük azərbaycançılıq sevgisi ilə yerinə yetirilib.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev oğluna - İlham Əliyevə inanırdı, güvənirdi. 2003-cü il prezident seçkilərində xalqa müraciətlə demişdi ki, mən namizədliyimi İlham Əliyevin xeyrinə olmaq etibarilə geri götürürəm. Xalq Ulu Öndərin istəyini böyük duyğusallıqla dəyərləndirdi, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
2005-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirdi. Uğurlu xarici siyasəti Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi. Ölkə başçısı münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda da Azərbaycanın bəşəri mövqeyinin dönməzliyini qətiyyətlə bildirdi.
Azərbaycanda gənclər siyasəti də, idman-Olimpiya hərəkatı da, gənclərin və yeniyetmələrin milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşması da Azərbaycanın dünyəvi dövlət olduğunun təsdiqi kimi yaşanılırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ədəbiyyat, incəsənət, mədəniyyət sahələrində neçə-neçə gərəkli işlər görüldü. Şuşada Türkiyə ilə ikitərəfli Bəyannamənin imzalanması da Azərbaycanın dövlətçilik tarixində dünənlərə ehtiram, sabahlara inam kimi qəbul edildi.
Dünyanın iri dövlətləri ilə ikitərəfli, çoxtərəfli münasibətlər Azərbaycanın siyasi imicinin səviyyəsinin göstəricisidi.
Ermənistan sülh danışıqlarından yayınırdı, regionda mövcud status-kvonu saxlamağa çalışırdı. Cənab İlham Əliyev qətiyyətlə bildirirdi ki, Azərbaycan ordusu torpaqlarını işğaldan azad edəcəkdir.
2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan İkinci Qarabağ müharibəsi cənab İlham Əliyevin sərkərdəliyi ilə Zəfərlə başa çatdı. Cənab İlham Əliyev 28 il davam edən işğalı sonlandıran Ali Baş Komandan oldu. Cənab Prezidentimiz tarixdə Müzəffər sərkərdə kimi qalacaq. Azərbaycana sevgi, Azərbaycanın sevgisi budur!
2020-ci ilin noyabrın 8-də qazanılan Zəfər tarixi Zəfər oldu. Bu Zəfər Azərbaycan Ordusunun qüdrətinin, xalqın Prezidenti ətrafında sıx birliyinin, xalqın müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyinin Zəfəri oldu.
Tarixin bir günü - 1961-ci ilin 24 dekabrı hər birimiz üçün əzizdir.
Cənab Prezidentimiz tarixdə Müzəffər sərkərdə kimi qalacaq...