Xəbərlər
Tarixi köklər, ortaq dəyərlər və qardaşlıq ənənələri
“Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistana səfəri bölgədə siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsi baxımından xüsusi, tarixi əhəmiyyətə malikdir. Dövlət başçısının bu mötəbər toplantıda çıxışı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin dərinləşməsi istiqamətində mühüm mesajlar olmaqla yanaşı, regional inteqrasiyanın yeni mərhələyə keçidi ilə bağlı da mühüm məqamları özündə ehtiva edir.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında həmçinin Azərbaycan-Özbəkistan münasibətlərinin xarakterindən də bəhs edilib: “İki ölkə arasında tarixi köklərə, ortaq dəyərlərə və qardaşlıq ənənələrinə söykənən münasibətlərin mahiyyəti xüsusi ilə qeyd edilib. Dövlətimizin başçısı Prezident Şavkat Miromonoviç Mirziyoyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Özbəkistanın inkişaf və quruculuq yolunda inamla irəlilədiyi diqqətə çatdırılıb.
Azərbaycan artıq üçüncü dəfədir Mərkəzi Asiya sammitlərində iştirak edir. Ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik bu birliyin güclənməsinə xidmət edir. Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər də bu əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Məhz bunun bariz nümunəsi olaraq son üç ildə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olub ki, bu regionu təmsil edən ölkələrin liderləri də 23 dəfə ölkəmizə səfər ediblər.
Artıq Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətləri müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənubi Qafqazda yerləşməsinə baxmayaraq bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan vahid mövqedən çıxış edir. Bu da qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə regionun vahid geosiyasi və geoiqtisadi amil kimi önə çıxmasını təmin edir”.
Deputat bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri həmçinin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq qura bilib: “Ölkələrimiz beynəlxalq müstəvidə bir-birinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar sərgiləyir.
Prezident İlham Əliyev çıxışında həmçinin II Qarabağ müharibəsindən sonra Azərbaycanın sülh və əməkdaşlıq müstəvisində atmış olduğu addımlara toxunub. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Artıq işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlər görülür. Sözsüz ki, Mərkəzi Asiya ölkələri bu məsələdə Azərbaycana göstərdiyi qardaş dəstəyi olduqca önəmlidir.
Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi tikilib istifadəyə verilib. Ölkəmizin başçısı da çıxışında bunun özbək, qazax və qırğız qardaşlığının bariz nümunəsi kimi dəyərləndirib. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub ki, bunlar qardaşlığın və həmrəyliyin rəmzidir”.
Sevinc Hüseynova Azərbaycanın və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpü rolu oynadığını ölkəmizin başçısının mötbər tədbirdə bir daha bu amili yüksək səviyyədə diqqətə çatdırdığını söyləyib: “Dövlətimizin başçısı çıxışında həmçinin Orta Dəhlizin inkişafının strateji əhəmiyyətinə də toxunub. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımaların həcmi 90 faiz artıb ki, bu da layihənin əhəmiyyəti haqqında daha yüksək proqnozlar verməyə əsas yaradır.
Sözsüz ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.
Eyni zamanda rəqəmsal rabitə sahəsində əməkdaşlıq böyük potensiala malikdir. “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərar vacib əhəmiyyət kəsb edir. Verilən bu tarixi qərar ölkələr arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafına müsbət impuls olacaq”.
