Xəbərlər
Səudiyyə Ərəbistanı Azərbaycanda bir sıra layihələrə sərmayə yatırmaq niyyətindədir
Azərbaycanda bərpaolunan enerji və kənd təsərrüfatı sahələrində layihələrə sərmayə yatırmaq niyyətindəyik.
Bu barədə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih dekabrın 19-da Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında deyib.
Nazir qeyd edib ki, bugünkü komissiyanın iclası iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradır. Həmçinin Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Fondu işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaqda maraqlıdır.
Müştərək Komissiyanın həmsədri vurğulayıb ki, Azərbaycana Səudiyyə Ərəbistanından gələn turistlərin sayı artıb: “Biz də öz növbəmizdə Azərbaycan vətəndaşlarını ölkəmizə dəvət edirik”.