YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Türkmənistan birliyi türk dünyasının gücünü daha da artıracaq

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri 

Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir.  Prezident İlham Əliyev bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Azərbaycan Prezidentinin türkdilli dövlətlərin başçıları ilə görüşləri bütün türk dünyası ilə münasibətlərin yüksələn xətlə daha da inkişaf etməsində böyük rol oynayıb. Azərbaycan liderinin türkdilli dövlətlər arasında təmasların inkişafında göstərdiyi səylər hər zaman təqdir edilib. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verib.

Bu gün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur. Bu etibarlı əməkdaşlığın obyektiv əsasları var. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr yüksələn xətlə inkişaf edir.

Bu il Azərbaycan Respublikasının Türkiyə Respublikası və Türkmənistan ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunur. Bu illər ərzində münasibətlərimiz inkişaf etmiş və yüksək səviyyəyə çatmışdır. Şübhəsiz ki, bunun əsasını xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dil və dini ortaqlıqlar təşkil edir.

14 dekabr 2022-ci il tarixində Türkmənbaşı şəhərində  keçirilmiş Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın dövlət başçılarının Üçtərəfli Zirvə Görüşü böyük tarixi əhəmiyyətə malikdir.

Görüşdə çıxış edən Prezident İlham Əliyev qardaş Türkmənistana yenidən səfərdə olduğundan  məmmun olduğunu qeyd edib. Prezident  bu Zirvə Görüşünün keçirilməsi təşəbbüsünə görə Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirib. Üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.

Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı yaratdığını bildirib. Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır.  Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.   

Bu gün Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdı. 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.

İmzalanan yeni sazişlər Azərbaycan, Türkiyə və Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə real zəmin yaradacaq. Prezident İlham Əliyevin Zirvə görüşündə qeyd etdiyi kimi, bu görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir. Azərbaycan, Türkiyə və Türkmənistan birliyi türk dünyasının gücünü daha da artıracaqdır.