YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən iki il ölkəmizin bu sənəddən irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirmək istiqamətində atdığı addımların  aydın ifadəsini yaradır. Azərbaycan bunu hər zaman qarşı tərəfdən-işğalçı Ermənistandan da tələb edir. Amma dünyanın gözü qarşısında baş verən hadisələr fonunda görünən budur ki, işğalçı dövlət bu öhdəlikləri yerinə yetirmir, əksinə beynəlxalq hüquqa zidd əməlləri, təxribatları, ekoloji terroru ilə hər vəchlə vəziyyəti gərginləşdirməyə, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səy göstərir.

Qeyd etdiyimiz kimi, Azərbaycan möhtəşəm Qələbəsi ilə ərazi bütövlüyünü bərpa etdi, dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etməklə yanaşı, onların tətbiqi üçün vahid mexanizmin olmasını tələb etdi. Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifi Ermənistan tərəfindən qəbul edilərək, Praqa və Soçi görüşlərində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən bəyanat imzalandı.

Azərbaycanın  öz ərazisinə tam nəzarət etməsi,  baş verən qanunsuz halların qarşısını alması beynəlxalq hüquqa əsaslanır. Bu, dövlətimizin beynəlxalq qanunlarla tənzimlənən suveren hüququdur. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı reallıqdır və  ekoloji vəziyyəti  ağırlaşdırıb.

Məlumdur ki, bir həftədir Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar Şuşa-Laçın yolunda  etiraz aksiyası keçirirlər. Əsas tələblərdən biri budur ki, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir. Monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin həmin əraziyə girişinə maneçilik törədilməsi tamamilə qanuna ziddir. Ekoloqların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin, həmçinin qeyri-hökumət təşkilatları təmsilçilərinin Şuşa -Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası haqlı narazılığın  təzahürüdür.

Bu da inkaredilməzdir ki, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə olunur, minalar aparılır, talan edilən təbii sərvətlərimiz daşınır. Bu, yolverilməzdir.

Ermənistan tərəfi yenə də ənənəsinə uyğun olaraq qeyri-ciddi bəyanatları ilə  beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır. Guya Laçın yolunu azərbaycanlılar bağlayıb, bölgədə humanitar fəlakət yaşanır, etnik təmizlənmə həyata keçirilir. Bütün bu iddialar böhtan xarakterlidir. Reallıq budur ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri oğurlanan, talan edilən təbii sərvətlərimizin daşınmasının qarşısının alınmasını, haqqın, ədalətin bərpasını tələb  edir və bu  tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bildirirlər. Ermənilərin apardıqları qərəzli, böhtan xarakterli təbliğatın əksinə olaraq reallıq ondan ibarətdir ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.  Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan  üçün hüquqi məsuliyyət yaradır. ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bu kimi faktların əksini tapdığı qətnamələr və hesabatlar saysızdır. Əsas olan onların kağız üzərində olması deyil, icrasıdır. Azərbaycanın dünyadan 28 il icrasını  gözlədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına həyata keçirməsi gücümüzün, qüdrətimizin təsdiqi olmaqla yanaşı, haqqın. ədalətin gec-tez qalib gəldiyinin nümayişi oldu.