Xəbərlər
Azərbaycanın suverenliyinin bərpa edilməsi uğrunda dinc, sivil aksiyası qələbə ilə başa çatacaq
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu erməni faşizmi üzərində qələbə qazanaraq tarix yazdı. Bu günlərdə də Azərbaycan xalqı qalib, mübariz, qürurlu bir xalq olduğunu bütün dünyaya sübut edir. Vətəndaş cəmiyyətinin nümayəndələri, ekoloji fəallar mərdlik, dözümlülük nümayiş etdirərək neçə gündür ki, gecə gündüz şaxtalı havada torpaqlarımızın yeraltı, yerüstü sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz talanması, istismarına qarşı dinc aksiya keçirirlər. Bu həm də Azərbaycanın suverenliyinin bərpa olunması istiqamətində həyata keçirilən dinc aksiyadır.
Artıq Ruben Vardanyanın Qarabağa göndərilməsinin məqsədi aydın oldu. Vardanyan Qarabağda təxribat törətmək, orada yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarını qorxu və təlaş içərisində saxlamaq, eləcə də ərazilərimizdəku təbii yataqlarımızı vəhşicəsinə istismar etmək və talamağa, öz havadarları ilə milyardlar qazanmaq məqsədilə göndərilib. Bu günə qədər Rusiya sülhməramlı kontingentinin komandanı azərbaycanlı etirazçıların qarşısına çıxıb qaldırdıqları tələblərin yerinə yetirilməməsinə aydınlıq gətirilməməsi onu deməyə əsas verir ki, separatçıların bu qanunsuz hərəkətlərində Volkov da iştirak edir, öz sülhməramlı missiyasını yerinə yetirmək əvəzinə ermənilərlə birlikdə qeyri qanuni bizneslə məşğuldur, deməli cinayət törədir. Ermənilərin məqsədi aydındır. Onlar başa düşürlər ki, Azərbaycan dövləti yaxın vaxtlarda Rusiya sülhməramlılarının nəzarətində olduğu ərazilərdə də öz suverenliyini bərpa edəcək. O vaxta qədər isə ermənilər talançılıq, qarətlə məşğul olurlar.
Volkovun daha bir qeyri qanuni hərəkəti Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağa silahların göndərilməsinə göz yumması, eləcə də Qarabağda yerləşdirilən separatçı silahlı dəstələrin oradan çıxarılmasını təmin etməməsidir.
Bütün bu faktlar barədə Azərbaycan tərəfində kifayət qədər sübutlar da var.
Bu gün Ermənistanın bütün dünyaya guya Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə keçirməsi barədə iddiaları qərəz və böhtandır. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlıları tərəfindən bağlanıb.
Döyüş meydanında diplomatik sahədə qazandığımız Şanlı qələbədən sonra vətəndaş cəmiyyətinin nümayəndələrinin təbii yataqlarımızın istismar olunmasına qarşı, Azərbaycanın suverenliyinin bərpa edilməsi uğrunda dinc sivil aksiyası da qələbə ilə başa çatacaq. Bu gün biz bütün vasitələrlə dünya ictimaiyyətinə Laçın yolunda aksiyanın keçirilməsinin əsl səbəbini çatdırmalıyıq.